Legionerlərdən böyük üstünlük: Ən yaxşı bombardirlər

Xəbərlər
5 Dekabr 2024 09:40
86
Legionerlərdən böyük üstünlük: Ən yaxşı bombardirlər

Misli Premyer Liqasında 15 tur geridə qalıb. Ötən müddət ərzində 93 futbolçu rəqib qapısına yol tapıb.

İdman.biz ilk 15 turda müxtəlif parametrlər üzrə Premyer Liqanın ən yaxşı bombardirlərinin statistik göstəricilərini nəzərdən keçirib.

Bombardirlər siyahısına 8 qolla Felipe Santos (“Araz Naxçıvan”) başçılıq edir. Coy Lens Mikels (“Sabah”), Leandro Andrade (“Qarabağ”) və David Volkov (“Zirə”) 7 qol müəllifidirlər. Yerli futbolçulardan ən məhsuldarı 4 qollu Toral Bayramovdur (“Qarabağ”). Ramil Şeydayev (“Neftçi”) və Orxan Əliyev (“Kəpəz”) 3 qolun müəllifidirlər.

Qol müəlliflərindən ən gənci 18 yaşı apreldə tamam olmuş Murad Məmmədovdur (“Neftçi”). Onunla yanaşı 20 yaşadək daha 2 futbolçunun – Rüfət Abbasov (Şamaxı) və Sadiq Səfiyevin də (“Turan Tovuz”) hərəyə 1 qolu var.

20 yaşını apreldə qeyd etmiş Nəriman Axundzadə 2 qol vuran ən gənc futbolçudur. 23 yaşadək futbolçular sırasında həmçinin Veysəl Rzayev (“Turan Tovuz”), Süleyman Alluş (“Səbail”) və Salifu Suma (“Zirə”) 2 dəfə fərqləniblər. Son ikisi çempionatda qol vurmuş ən gənc legionerlərdir.

30 yaşdan yuxarı futbolçular arasında ən məhsuldarı 3 dəfə rəqib qapılarına yol tapmış, yaşı isə 32-yə yaxınlaşan Qorka Laruççadır (“Səbail”). Ən yaşlı qolçular isə 35 yaşı martda adlamış Riçard Almeyda (“Qarabağ”) və ondan 3 ay kiçik Kristiandır (“Turan Tovuz”). Hər ikisinin 2 qolu var.

Qapıya vurulan zərbələrə görə qol nisbətində 100 faizli nəticəyə yeganə zərbələrini qola çevirmiş Sadiq Səfiyev (“Turan Tovuz”) və Ağadadaş Salyanski (“Neftçi”) malikdirlər. Qapıya 20-dən çox zərbə vuran futbolçular arasında isə seçilən çempionatın bombardiri Felipe Santosdur. “Araz Naxçıvan”ın futbolçusu 8 qolu 22 zərbə sırasında vurub, yəni 36,36% nəticəyə malikdir. Leandro Andrade (“Qarabağ”) daha yüksək göstəriciyə malik olsa da (36,84%), o, 7 qol vurmaq üçün 19 zərbə cəhdi edib.

Vüqar Məmmədov
İdman.biz