Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədovun İdman.biz-ə müsahibəsi.
- Azərbaycan kubokunun 1/8 final mərhələsində sizin üçün ən yaddaqalan oyunu hansı oldu?
- Ən yaddaqalan “Turan Tovuz” - “Sabah” matçı oldu. Hər 2 klub kubokda sona qədər getməyə iddialı idi. Bilinirdi ki, matç çox gərgin keçəcək. Çox maraqlı görüş oldu. Amma təəssüf ki, Denis Marandiçi ağır zədə aldı. Bu, hər birimizi kədərləndirdi. Hər 2 klub bərabər səviyyəli oynadı. Sonda penalti zərbələrində psixoloji baxımdan daha yaxşı olan “Sabah” qalib gəldi.
- Ötən gün “Qarabağ” əsas heyət oyunçularını meydana buraxsa da, “Qəbələ”ni (2:0) çətinliklə məğlub etdi. Belə zəif çıxışa səbəb nədir?
- Bu matçda meydanın vəziyyəti yaxşı idi, əsl futbol abu-havası var idi. Çoxları “Qarabağ”dan böyük hesablı qələbə gözləyirdi. İlk dəqiqələrdən qol vurdular. Amma sonradan gördük ki, bu oyun “Qəbələ” üçün bir stimuldur. Onlar I Liqada liderdilər. Oyun sxemlərinin və stillərinin olduğu hiss olunur. “Qarabağ”a qarşı oyun onlar üçün imtahan idi. Daha istəkli görünürdülər. Komanda ustalıq baxımından isə “Qarabağ” üstələyirdi. Oyunun gedişində “Qəbələ”nin rahat oynaması, “Qarabağ”dan çəkinməməsi məni təcübləndirdi. Kaxaber Tsxadadzenin işinə xoş sözlər demək olar. Ola bilər ki, ağdamlılar da matça bir qədər rahat çıxmışdılar. “Qarabağ”ın əsas heyəti meydana buraxması bir növ Avropa Liqasında “Elfsburq”la matça da hazırlıq məqsədi daşıyırdı. Bu qarşılaşmada İsveçdəki sərgiləyəcəkləri oyun stili üzərində işlər gördülər.
- “Qəbələ” kimi “İmişli” də Premyer Liqa klubu “Kəpəz”ə ciddi müqavimət göstərdi. Gəncəlilərin 1:0 hesabı ilə qalib gəldikləri oyun haqqında fikirləriniz?
- Oyun çox gərgin keçdi. Xüsusi ilə də ilk 10-15 dəqiqədən sonra “İmişli” hiss etdi ki, bu rəqiblə oynaya bilər. Məşqçilər tərəfindən yaxşı oyun stili də tətbiq olunmuşdu. Hiss olunurdu ki, sistemli, strukturlu oynayırdılar. Hücumlar edirdilər və hətta qol vursalar da sayılmadı. Sonda verilən penalti isə haradasa, şübhə doğururdu. Amma qərar hakimindir. Bu 11 metrlik cərimə zərbəsi ilə “Kəpəz” qələbə qazandı. “İmişli”yə sərgilədiyi oyun üçün alqışlar düşür. Onlar Premyer Liqaya yüksəlmək üçün əsas namizədlərdəndir.
- I Liqa klublarından MOİK də “Sumqayıt”a çətinlik yaratdı. Kimyaçılar yalnız əlavə vaxtda 2 qol vuraraq qalib gəldi. Vaqif Cavadovun komandasının matça ciddi yanaşmadığını deyə bilərik?
- MOİK - “Sumqayıt” matçı da gərginliyi ilə seçildi. I Liqa komandaları belə matçlarda çalışırlar ki, özlərini göstərsinlər. Futbolçular da Premyer Liqada oynamağa layiq olduqlarını sübut etməyə çalışırlar. Bu baxımdan I Liqa komandaları çətinliklər yaradır.
- “İmişli” və “Qəbələ”nin oyunlarına baxdıqda heç düşündünüzmü ki, bu klublar Misli Premyer Liqasında mübarizə apara bilərlər?
- Həm “İmişli”, həm də “Qəbələ”ni izləyərək gördük ki, artıq I Liqada səviyyə qalxıb. Daha çox yerli futbolçular bu liqada oynayır. Bu da müsbət haldır. Premyer Liqa klubları oradan özlərinə oyunçu transfer edə bilərlər. Üstəlik “İmişli” və “Qəbələ” ilə bərabər MOİK və “Karvan”ın da gələn il Premyer Liqada çıxış etmək üçün gördükləri işlər hiss olunur.
- 2 Premyer Liqa klubu “Zirə” və “Şamaxı”nın duelində birincilər 3:1 hesabı ilə qələbə qazandılar. Rəşad Sadıqovun komandasının kubokda şanslarını necə dəyərləndirirsiz?
- “Zirə”-“Şamaxı” matçı da “Turan Tovuz”un “Sabah”la qarşılaşması kimi maraqlı idi. Çünki 2 Premyer Liqa klubu üz-üzə gəlirdi. Onlar da burada axıra kimi getməyə iddialı idi. İlk hissə “Zirə”nin üstünlüyü ilə keçdi. 2 qol vurdular. Amma bundan sonra “Şamaxı” özünə gəldi və matç daha maraqlı oldu. Bölgə təmsilçisi 3-cü qolu buraxdıqdan sonra artıq bu cütün taleyinə də aydınlıq gəldi. “Zirə”ni kubokda finala yüksələ biləcək komandalardan biri sayıram.
- “Neftçi” “Difai” ilə matçda 6:0 hesablı inamlı qələbə qazandı. Bu qalibiyyət “ağ-qaralar”ın gələcək matçlarına işıq ola bilərmi?
- “Neftçi”nin qələbəsi gözlənilən idi. “Difai” I Liqada da son sıralarda gedir. Ancaq bu komandada baş məşqçi kimi Xəqani Məmmədovun gəlişindən sonra irəliləyiş hiss olunur. Böyük hesabla məğlubiyyətə baxmayaraq, bəzi epizodlarda məşqçi işi görünürdü. Amma təbii ki, “Neftçi”nin ustalıq səviyyəsi sonda öz sözünü dedi. Bu tipli oyunlar komandanın oyununu yaxşılaşdırmaq baxımından da önəmlidir. “Neftçi” bu matça ciddi yanaşmışdı. Oyuna yaxşı köklənmişdilər. İnamlı zəfər sahəsində “ağ-qarlar” qələbə ruhunu çempionat oyununa da daşıya bilərlər. Bu baxımdan matç bakılıların xeyrinə oldu.
Emin Ağa
İdman.biz