"Sabah" Futbol Akademiyasının seleksiya qrupunun rəhbəri Rövşən Babayev yaxın vaxtlarda ölkə xaricinə yollana bilər.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Kanadadan iş təklifi alıb.
Bu barədə Rövşən bəyin özü məlumat verib: "Bir müddət əvvəl bəzi yoldaşların vasitəsilə Kanadadan mənimlə əlaqə saxladılar. Adını çəkmək istəmədiyim klublardan birinin futbol akademiyasının baş məşqçisi işi təklif olundu. Açığı, ad çəkə bilərəm, sadəcə, şərtləri belə oldu ki, məsələ rəsmiləşmədən klubun adını hallandırmayım. Müzakirələr zamanı onlar mənə, mən də onlara şərtlərimi dedik. Demək olar ki, sənədləşmə prosesi başa çatıb. Hazırda qarşı tərəfdən zəng gözləyirəm".
Qeyd edək ki, Babayev karyerası ərzində "Simurq"un, "Sumqayıt"ın, "Sabah"ın əvəzedici heyətinin, I Liqada isə "Turan Tovuz"un baş məşqçisi olub.
İdman.biz