Futbol üzrə Azərbaycan II Liqasında mübarizə aparan “Hypers Quba”də qəribə hadisələr yaşanmaqdadır.
İdman.biz Sportinfo.aza istinadən xəbər verir ki, noyabrın ikinci yarısında Vüqar Nadirovla vidalaşan Quba klubunun rəhbərliyi növbəti dəfə diqqət mərkəzinə düşüb.
Əyalət təmsilçisi noyabrın 20-də baş məşqçi postuna gətirdiyi Zaur Hidayətovla yolları ayırıb.
Karyerası ərzində "Sumqayıt"ın futbol akademiyasının müxtəlif yaş qruplarını çalışdırmaqla yanaşı, əvəzedici komandanı da çalışdırmış, son ilyarımda isə "kimyaçılar"ın əsas komandasının skautu kimi fəaliyyət göstərmiş mütəxəssislə işbirliyinə artıq rəsmən xitam verilib.
Bunun iki səbəbi var. 11-ci turda "Dinamo"nun qonağı olan qubalılar meydandan darmadağına ayrılıb - 1:4.
Amma kollektiv bu məğlubiyyətə çox da üzülməyib. Çünki bölgə klubu qalib gəlsəydi belə, aktivinə 3 xal yazdıra bilməyəcəkdi.
Bu, adı protokolda olmayana oyunçunun "Dinamo" ilə oyunda meydana çıxmasıyla bağlıdır. Söhbət 17 nömrəli futbolçu Nail Təhməzlidən gedir.
AFFA İntizam Komitəsi buna görə “Hypers Quba”ya 0:3 hesablı texniki məğlubiyyət verəcək.
Region təmsilçisinin başına eyni hal bu mövsüm ikinci dəfədir gəlir. AFFA İntizam Komitəsi birinci turda "Araz Saatlı"nı 3:2 məğlub etdiyi görüşdə “Hypers Quba”ya texniki məğlubiyyət vermişdi.
İdman.biz