Avropa Liqasının rekordçusu - “Qarabağ”a rəqib

Xəbərlər
8 Dekabr 2024 11:20
79
Avropa Liqasının rekordçusu - “Qarabağ”a rəqib

“Qarabağ”ın Avropa Liqasında növbəti rəqibi “Elfsborq”un cari turnirdə bir çox göstəricilərdə ən zəif olmalarından yazmışdıq.

İdman.biz bu dəfə İsveç klubunun hazırkı turnirdə nədə ən yüksək göstəricilərə malik olmasına aydınlıq gətirib.

Doğrudur, bu göstərici hər hansı oyun keyfiyyətində üstünlüyə dəlalət etmir. Ancaq “Elfsborq”u indiki mövsüm Avropa Liqasındakı bütün komandalardan fərqləndirən bir məqam haqqında söhbət açacağımız rekordlara səbəb olub.

Söhbət oyun sayından gedib. İsveç təmsilçisi təsnifat mərhələləri də nəzərə alınmaqla turnirdə hamıdan çox – 13 oyun keçirib və “Qarabağ”la oyun onun 14-cü matçı olacaq. “Elfsborq” Avropa Liqasının ilkin təsnifat mərhələsindən başlayaraq Liqa mərhələsinə qədər gəlib çatmış yeganə komandadır. Komanda Liqa mərhələsinə çatmaq üçün turnirdə 4 mərhələ adlayıb və 8 oyun keçirib. Daha 5 oyuna isə Liqa mərhələsində çıxıb.

Bu məqam klubun oyunçularının da turnirdə ən çox matç keçirmiş futbolçular olmasına şərait yaradıb. Komandanın 5 futbolçusu 13 oyunun hamısında iştirak edib. Onların sırasında tək qapıçı İsak Pettersin bütün oyunlarda əvvəldən axıradək əvəzedilmədən öz mövqeyində olub. 12 matçda 90 dəqiqə oynayan qolkiper, “Molde”yə qarşı evdəki cavab pley-off matçında, əlavə vaxtı da nəzərə almaqla, 120 dəqiqə meydanda olub. 13 matç keçirənlərdən Simon Hedlund 1149, Niklas Hult 1137, Terri Yeqbe 1127, Maykl Baydu 1090 dəqiqə oynayıb. Komandanın 4 futbolçusu 12, 1-i isə 11 oyun keçirib. 11 oyun keçirənlər sırasında əlavə yalnız “Ayaks” və “Braqa”nın təmsilçiləri var. 10 oyun keçirənlər də yalnız son iki komandanın futbolçularıdır.

Qeyd edək ki, “Qarabağ” “Elfsborq”a qarşı oyununu dekabrın 12-də səfərdə keçirəcək.

Vüqar Məmmədov
İdman.biz