Azərbaycanda sirli favoritlər: “Qarabağ” avrokubok zonasından kənarda

Xəbərlər
6 Dekabr 2024 17:30
193
Azərbaycanda sirli favoritlər: “Qarabağ” avrokubok zonasından kənarda

Azərbaycan futbolsevərlərinin Misli Premyer Liqasında favorit saydığı klublar bəlli olub.

İdman.biz xəbər verir ki, bu, PFL-in rəsmi saytında davam etməkdə olan səsvermədə öz əksini tapıb.

67 min 517 respondent “Misli Premyer Liqasında favoritiniz hansıdır?” sualını cavablandırıb. Azarkeşlərin ən çox güvəndiyi komanda "Turan Tovuz”dur.

Səsverməyə qatılanların təxminən yarısı Kurban Bedıyevin komandasını favorit görür. Maraqlıdır ki, ikinci sırada digər Qərb təmsilçisi yer alıb. Turnir cədvəlinin ən aşağı sıralarında var-gəl edən “Kəpəz”i ən güclü sayanlar 30 minə yaxındır.

Digər komandalar böyük fərqlə geri qalır. “Araz-Naxçıvan”ın üçüncü olduğu siyahıda “Neftçi” “dördlüy”ü qapayır. “Sumqayıt” da sıralamanın ilk yarışındadır.

Son illərin çempionu, cari mövsümün lideri və ümumiyyətlə reallıqda ölkənin ən güclüsü olan “Qarabağ” isə favoritlər siyahısından çox uzaqlardadır. Qurban Qurbanovun yetirmələri cədvəldə avrokubok zonasından da uzaqda - 6-cı sıradadır. Ağdamlılar liderlərdən 100 qatdan atıq geri qalır.

1. “Turan Tovuz” - 33671
2. “Kəpəz” - 29798
3. “Araz-Naxçıvan” - 2083
4. “Neftçi” - 1135
5. “Sumqayıt” - 325
6. “Qarabağ” - 266
7. “Zirə” - 114
8. “Sabah” - 49
9. “Səbail” - 40
10. “Şamaxı” – 36

Qeyd edək ki, siyahıda sonuncu olan “Şamaxı”nı favorit görənlərin sayı az qala komandanın futbolçuları qədərdir.

İdman.biz