"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.
İdman.biz xəbər verir ki, təcrübəli futbolçu kubokla vidalaşdıqdan sonra bütün diqqəti çempionata yönəltdiklərini deyib.
- "Turan Tovuz" ölkə kubokunun 1/8 final mərhələsinin "Sabah"la görüşündən uğursuz nəticə ilə ayrıldı. Mərhələ keçə bilməməyinizə səbəb nə oldu?
- Doğrudur, bizim üçün uğursuz oyun oldu. Mərhələni keçə də bilərdik. Son dəqiqələrdəki diqqətsizliyimiz bizi mərhələdən etdi. Penaltilər də lotereyadır. Bir komanda udmalıdır da. Həmin gün şans bizim tərəfimizdə deyildi. Həmin oyunu unutmuşuq və "Şamaxı" ilə görüşə hazırlaşmışıq.
- Maraqlıdır ki, son dəqiqələrdə ikinci qolu vurdunuz, amma bu cür üstünlüyü qoruya bilmədiniz. Halbuki komanda daha çox müdafiə xəttinin etibarlılığı ilə seçilirdi. Yorğunçuluq, yoxsa konsentrasiya itdi deyə, ikinci qolu buraxdınız?
- Son dəqiqələrdə qol buraxmaq məyusedicir. Analiz etmişik, baxmışıq. Bəlkə də həmin vaxtı bir saniyə diqqətli olsaydıq, qapımızda qol görməyəcəkdik. Amma artıq həmin görüş geridə qalıb. Həmin oyunda qalmaq istəmirik. Qarşıda bizim vacib oyunlarımız var.
- Penalti seriyasından öncə nə düşünürdün?
- Məşqdən sonra da penaltilər üzərində çalışmışdıq. Penalti lotereyadır. Özü də, penaltini vuranlarımız elə ən yaxşı yerinə yetirənlər idi. Sadəcə olmadı. Şanssızlıq yaşadıq. Halbuki penalti seriyasında da ümidimiz var idi.
- Bəs, oyunun gedişində Denis Marandiçinin ağır zədələnməsi sizə necə təsir etmişdi? Qoldan sonra onun formasını da göstərdin.
- Əlbəttə ki, hər şeydən öncə insan sağlamlığıdır. Denisin zədələnməsi çox məyusedicidir. Ağır zədə alıb. Allah qoysa, tez bir zamanda yenidən meydançaya qayıdar. Komandasınının qələbə qazanması, qapımızda qol olmaması üçün özünü zərbənin önünə atdı və ayağı sındı. Bu da onun peşəkar olduğunu və işinə ciddi yanaşdığını göstərir. Denisin yanında olmuşuq. Əməliyyat olunub, bərpası üçün zaman lazımdır. Əminəm ki, tez bir zamanda sağalar və bərpa prosesi sürətli gedər. Denis bizim üçün önəmli fiqurlardandır. Hər kəs Denisin yanındadır. Qələbə qazandıq və ya uduzduq, nə olursa-olsun, onun yanındayıq. Dualarımız onunladır.
- "Turan Tovuz" üçün avrokuboklara artıq yeganə yol liqadan keçir. İki cəbhədə olmamağınız mənfi haldır, yoxsa müsbət?
- İstəyərdik ki, ölkə kubokunda mərhələ keçək və iki cəbhədə mübarizə aparaq. Alınmadı. İndi bütün fikrimizi çempionata yönəldəcəyik. Maksimum xallar qazanmağa çalışacağıq ki, sonda da avrokuboklara yollanaq.
- Krunoslav Renduliçin "Sabah"ına qarşı oynamaq çətin idi, yoxsa Vasili Berezutskinin?
- "Sabah"ın yeni baş məşqçisi gəlib. Yeni baş məşqçidən tələb etmək olmaz ki, bu dəqiqə komandanı 100 faiz dəyişməlisən. "Sabah"ın oyun üslubu var. Bundan qabaqkı baş məşqçinin vaxtında da hücumda daha yaxşı idilər. Ola bilər ki, indiki baş məşqçi ilə müdafiədə daha diqqətli olmağa çalışır. Əvvəlki "Sabah"la oyunda görürdün ki, öndə pressinq edirlər. Vasili Berezutskinin gəlişindən sonra görürsən ki, bəzi məqamlarda gözləyirlər. Hər məşqçinin öz oyun üslubu var. Həm Renduliçin vaxtında, həm də Berezutskinin rəhbərliyi altında "Sabah" yaxşı oyun göstərir.
- Sabah Premyer Liqanın 15-ci turu çərçivəsində "Şamaxı" ilə qarşılaşacaqsız. Onları məğlub edə bilərsiz?
- Evdə oynayırıq. Hazırlaşmışıq, analiz etmişik rəqibi. "Şamaxı" da son oyunlarda qələbə qazanmayıb. Onlar sona qədər mübarizə aparan klubdur. Uduzsalar belə, təslim olmurlar. Döyüşkən kollektivdir. Öz azarkeşlərimizin qarşısında oynayacağıq. Onların dəstəyi ilə maksimumu etməyə çalışacağıq.
İdman.biz