Azər Bağırov: “Problemlərimiz var”

Xəbərlər
9 Dekabr 2024 15:02
158
Azər Bağırov: “Problemlərimiz var”

“Həqiqətən müdafiə planında böyük problemlərimiz var”.

Bunu İdman.biz-ə “Kəpəz”in baş məşqçisi Azər Bağırov deyib.

O, Azərbaycan Premyer Liqasında Gəncə təmsilçisinin 16 oyundan sonra son 16 mövsümün antirekordu ilə yadda qalmasına münasibət bildirib. Bağırovun sözlərinə görə, komandası müdafiədə problem yaşayır və çox qollar buraxır: “Bu bizim səhvimdir. Təbii ki, bunu dana bilmərik və hamımızı da narahat edir. Əfsuslar olsun ki, çox böyük dəyişikliklər mümkün deyil. Əlimizdə olan futbolçular budursa, onlardan maksimum istifadə etməyə çalışırıq”.

Baş məşqçi bildirib ki, Misli Premyer Liqasının 16-cı turunda “Zirə”yə 0:4 hesabı ilə uduzduqları matçda indiyədək ən çox qol epizodları yaradılıb: “Hətta 6-7 real qol epizodu var idi ki, qapıdan çıxardılar. Komandanın müdafiə və hücum planında heç nə alınmırdı. Bu durumdan çıxmaq lazımdır. Çünki qış fasiləsinədək hələ 2 tur var. Eyni vəziyyətin yaranmaması və bunu aradan qaldırmaq üçün çalışmalıyıq. Səhvlərimiz üzərində işləmək üçün əlimizdən gələni edəcəyik. Rəqibi də qiymətləndirmək lazımdır. Çox keyfiyyətli futbolçular var. Bu da bəzən hər şeyi üstələyir. Ona görə də inanıram ki, yaxşı bir oyunla problemləri aradan qaldıracağıq”.

Qeyd edək ki, Misli Premyer Liqasının XVI turunda “Zirə”yə 0:4 hesabı ilə uduzan “Kəpəz” 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.

Banuçiçək Hüseynli
İdman.biz