Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi MLS təmsilçisindəki komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıya gəlib.
İdman.biz xəbər verir ki, ulduzlar Bakı Kristal Hallda keçirilən tədbirə qatılıblar.
Minlərlə futbolsevərin iştirak etdiyi mərasimdə Messi səhnəyə çıxıb. Fanatları onu alqışlarla qarşılayıblar.
Ölkəmizin uşaq futbol komandalarının təmsilçiləri Lionel Messi və komanda yoldaşlarına top ötürüblər.
Daha sonra futbol ulduzları gənc həmkarları və sağlamlıq imkanları məhdud uşaqlarla xatirə şəkli çəkdirib.
Tədbirə Bakının uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhidlərimizin övladları da dəvət olunub.
Ulduz futbolçular imzalı topları auditoriyaya atıblar. Futbol həvəskarları üçün bu idman bayramı məşhur “Morandi” qrupunun çıxışı ilə davam edib.
Qeyd edək ki, Messi yığma ilə dünya çempionu, həmçinin "Qızıl top" mükafatının səkkizqat qalibidir.
İdman.biz