“Qarabağ”ın sabiq futbolçusu Aftandil Hacıyevin İdman.biz-ə saytına müsahibəsi
- Bu gün Avropa Liqasında “Qarabağ” “Elfsburq”un qonağı olacaq. Görüşdən gözləntiniz nədir?
- Avrokubokda bu il ən vacib oyuna çıxacağıq. Görüş hər 2 klub üçün önəmli sayılır. Sürətli və mübarizəli matç olacaq.
- Aleksey İsayev, Kevin Medina və oyunun hazırlığı zamanı zədələnən Bəhlul Mustafazadə matçı buraxacaqlar. Bu itkilərin təsiri necə olacaq?
- Həqiqətən də çox ciddi itkilərdir. Buna rəğmən onları əvəzləyəcək istənilən futbolçu məsuliyyəti dərk edir. Hər birinin layiqli oynayacağını da düşünürəm.
- Sizcə “Elfsborq”un ən təhlükəli tərəfi nədir?
- Rəqibin ölkə çempionatında işləri yaxşı getməsə də, Avropa Liqasında çıxışları qənaətbəxşdir. “Roma” kimi komandanı məğlub ediblər. Əks-hücumlarda sürətlidirlər və standart vəziyyətlərdə kifayət qədər təhlükəli oyunçuları var. Matçın süni örtüklü meydançada olması da xeyirlərinə olan məqamdır.
- Azərbaycan çempionu yeganə qələbəsini məhz “Budo-Qlimt” səfərində qazanıb. Yenidən bu, təkrarlana bilərmi?
- “Qarabağ”ın səfərdə uğur qazanmasında hansısa sirr yoxdur. Komanda bu il bütün matçlarında keyfiyyətli oyun nümayiş etdirib. İstər evdə, istərsə də səfərdə çatışmayan yeganə cəhət komandamızın ələ düşən qol fürsətlərini dəyərləndirə bilməməsidir.
- Matçla bağlı təxminləriniz nədir?
- Dəqiq hesab söyləmək çətindir. Amma “Qarabağ”dan qələbə gözləyirəm.
- Bəs Ağdam klubunun pley-off şanslarını nə qədər görürsüz?
- Şanslar yüksəkdir. Bu gün qalib gəlib, bu yolda böyük addım atacağıq.
Emin Ağa
İdman.biz