“Qarabağ” Avropa Liqasının ilk dəfə yeni formatında keçirilən Liqa mərhələsinin 3/4 hissəsini arxada qoyub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 6 oyunda 1 qələbə qazanıb və 5 dəfə məğlub olub. 3 xalla autsayderlər sırasında yer alan Ağdam klubunun mərhələ adlamaq şansları da möcüzəyə bərabərdir.
İdman.biz pley-offu da nəzərə almaqla son 8 avrokubok oyununda 7 məğlubiyyət alan “Qarabağ”ın yaşadığı bu uğursuzluğun səbəblərinə aydınlıq gətirib.
Futbolçu yoxluğu
“Qarabağ”ın üzləşdiyi problemlərdən biri futbolçu yoxluğudur. Xüsusilə də yerli oyunçuların, klubun öz yetirmələrinin olmaması diqqət çəkir. Artıq neçə illərdir heyətin güclənməsi üçün yalnız və yalnız legionerlər alınır. İstənilən klub üçün isə əcnəbilərin ümidinə qalmaq çətinliklərə aparır. Daim xaricdən oyunçu almaq da, belələrini tapmaq da çətin olur. Əsrin ilk onilliyinin ikinci yarısında Ağdam klubunun yetişdirib üzə çıxardığı futbolçuların həm milli, həm klubda parladığı və faydalı olduğu illər isə artıq keçmişdə qalıb. Növbəti belə nəslə ehtiyac olduğu danılmazdır. Bu, təkcə klubun deyil, ölkə futboluna böyük töhfə verə bilər.
Aclara ehtiyac
Komandanın problemlərindən biri uğurlardan doymasıdır. Hər dəfə uduzanda, “biz tarix yazmışıq” deyən futbolçularla çox uzağa getmək olmaz. Az qala Çempionlar Liqasının adını “Real Liqasına” çevirmək zərurəti yaradan Madrid “Real”ı hər yeni mövsümdə bu kuboku qazanmaq üçün mübarizə aparır. “Qarabağ”ın futbolçuları, hətta bəzi azarkeşləri də hər məğlubiyyətdən sonra əldə etdiklərinin böyüklüyünü önə çəkir. Bu uğurlardan doymaq, ac olmamaq yetərincə problem yaradır. Elə baş məşqçi Qurban Qurbanovun da dəfələrlə böyümək lazım olduğunu deməsi də buna bir işarədir. Daha böyük hədəflər üçün əldə olunanları unutmaq və kifayətlənməmək lazımdır.
İslahat zərurəti
Dəfələrlə qrup mərhələsində oynamaqla tarix yazan bəzi oyunçuların daha böyük tarixlər iqtidarında olmadığı aşkardır. Bu üzdən müəyyən islahatlara da ehtiyac var. Bəzi doymuş veteranları əvəzləmək, komandaya “yeni qan” gətirmək yalnız fayda gətirər. Amma bunun üçün ilk növbədə futbolçu tapmaq lazımdır. Artıq qeyd etdiyimiz kimi, nə klubun özündə beləsi yetişir, nə ölkədə. Xaricdən də faydalı olacaq oyunçuları tapmaq heç də asan deyil.
Rotasiyalar
“Qarabağ”ın çempionatda bir, avrokubokda ayrı heyətlə oynaması hamıya məlumdur. Avrokubok oyunçuları Premyer Liqa matçlarında adətən sonradan meydana daxil olurlar. Əlbəttə, geniş heyətə, iki güclü “11-liy”ə malik olmaq müsbət haldır. Bunu daha çox aparıcı futbolçuların yüklənməyə tam hazır olmaması ilə də bağlamaq olar. Amma bu rotasiyaların mənfi tərəfi də var. Avropada meydana çıxan heyətin daim birlikdə çıxış etməməsi bəzən nəticələrə də zərbə vura bilir.
Oxunan sistem
“Qarabağ” artıq neçə illərdir eyni oyun üslubuna üstünlük verir. Dəyişməz sistemdə ifaçılar və kiçik detallara əl gəzdirilsə də, ümumi mənzərədə baxımlı, topla oyun qalır. Azərbaycanda yerli klublar hələ də bu sistemin önünə çıxarmağa heç nə tapmasalar da, beynəlxalq arenada bunu çoxdan çözüblər. Əslində, burada qeyri-adilik yoxdur. Bütün komandalar yeni sistemlə bir müddət at oynatdıqdan sonra onların oyununu “oxuyanlar” tapılır. Son dövrlərdə İspaniya millisinin, “Barselona”nın, “Liverpul”un, “Mançester Siti”nin nümunələri göz önündədir.
Ciddi yanaşma
“Qarabağ”ın Avropadakı uğursuzluğunun daha bir səbəbi elə “Qarabağ”ın özüdür. Söhbət rəqiblərin təmsilçimizə yanaşmasından gedir. Bir neçə il əvvəllərə kimi klublarımıza, o cümlədən “Qarabağ”a o qədər də ciddi yanaşmayan rəqiblər ciddi analizə ehtiyac duymurdu. Amma ardıcıl uğurları ilə özündən söz etdirən Qurbanovun komandası rəqibləri onlara hörmətlə və ciddi yanaşmağa vadar edir. Bu faktın özü komandanın aktivinə yazılacaq böyük məqam olsa da, nəticə baxımından mənfi təsir edir. Elə dünən “Qarabağ”ı məğlub edən “Elfsborq” 5-6 il əvvəl Ağdam təmsilçisinə fərqli yanaşa və bunu acısını çəkə bilərdisə, bu dəfə dərin təhlillə matçboyu topla oynayan rəqibi tam zərərsizləşdirə bilib.
Rəqabətsizlik
Bəlkə də kimlərsə razılaşmaya bilər, amma sadaladığımız amillərin hamısı “Qarabağ”ın nəticələrinə az-çox təsir edir. Hətta sadalamadığımız bu tip daha 5-6 nüans da tapmaq olar. Amma bütün bunlar, həm sadalanan, həm sadalanmayanlar ikinci dərəcəli problemlərdir. Əsas məqam və digərlərinin də üzə çıxmasına təkan verən problem isə daxili arenadakı rəqabətsizlikdir. Premyer Liqada istənilən rəqibini böyük hesabla məğlub etmək gücündə olan “Qarabağ” hər avrokubok məğlubiyyətindən sonra “Neftçi”, “Zirə” və digərlərinə 3-4 qol vurmaqla həm acığını çıxır, həm uduzduğunu unudur və unutdurur. Özü də bunu əksər hallarda 2-ci, bəzən qarışıq heyətlə edir. Avrokubokda meydana çıxan “11-lik”lə oynayacağı halda Premyer Liqada 36 turda 36 qələbə qazanmaq gücündə olan “Qarabağ”ın böyümək arzusunun qarşısını da zəif rəqiblər alır. Çünki mövsüm ərzində 10-12 avrokubok matçı istisna olmaqla, ciddi sınaq görməyən futbolçular 3:0, 4:0, 5:0 uda-uda inkişaf edə bilməzlər. Bir sözlə, “Qarabağ”ın böyüməsi üçün digərləri də böyüməlidir. Amma hazırda ön sıralarda olanların – “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz” və “Sabah”ın “Qarabağ”a rəqabət yaratması, hətta nə vaxtsa yaradacağı belə o qədər inandırıcı deyil. Belə görünür ki, rəqabətin yaranması, “Qarabağ”ın inkişafı üçün yenidən daimi rəqibi “Neftçi”nin dirçəlməsi lazımdır. Yalnız “ağ-qaralar”ın Qurbanovun komandasına belə fayda verə biləcəyi şübhəsiz olsa da, acınacaqlı durumda olan Bakı klubunun yaxın illərdə özünə gəlməsi real sayılmır. Amma bir fakt faktlığında qalır ki, ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsinə düşən “Qarabağ”ın bu raundda ən yaxşı nəticələri “Neftçi”nin dirçəlişindən sonraya təsadüf edib. Ardıcıl 7 dəfə qrupda qalan Ağdam klubu “Neftçi” onlara rəqabət yaradıb 2020/21 mövsümündə çempion olduqdan sonra ard-arda üç il pley-offa çıxıb. Bunların birində hətta 1/8 finala da adlayıb. Üç mövsümlük seriyanın davam edəcəyi artıq real deyil. Amma qrupdan çıxmaq, “Marsel” və “Gent”lə Konfrans Liqasında, “Braqa” və “Bayer”lə Avropa Liqasındakı görüşlərin baş tutması “Neftçi”nin, bir sözlə rəqabətin dirçəlməsinin nəticəsi idi. Həmin rəqabət, həm heyətə əl gəzdirməyə, həm yanaşmaya, bir sözlə inkişafa təkan verib. Görəsən, “Neftçi” nə vaxt dirçələcək ki, “Qarabağ” bir az da böyüsün.
Qeyd edək ki, hazırda Avropa Liqasında 33-cü olan “Qarabağ” Misli Premyer Liqasında 1-ci yerdə qərarlaşmasa da, ehtiyatda bir matçı qaldığından potensial lider sayılır.
İdman.biz