“Xankəndidə keçirilmiş oyun həyatıma qızıl hərflərlə yazıldı”.
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Mərkəzi Ordu İdman Klubunun (MOİK) baş məşqçisi Qəzənfər Abbasov 2023-cü ildə Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ”la Xankəndidə keçirilmiş oyunun ildönümü barədə danışarkən deyib.
Ötən il ilk dəfə Xankəndiyə ayaq basdığını söyləyən çalışdırıcı buna görə xoşbəxt olduğunu bildirib: “Xankəndi və Şuşaya ilk dəfə ayaq basmaq inanılmaz hiss idi. Görüşdən bir gün öncə Şuşaya getdik. O torpaqların qoxusunu aldıq. Baş məşqçi olaraq komandamı ora aparmaq və “Qarabağ” kimi kollektivə qarşı oynamaq bizə əlavə stimul verdi. Futbolçularım və köməkçilərimin üzlərində olan sevinc hissi hələ də gözlərimin önündədir. Bizə bu anı yaşadan Prezident İlham Əliyevə, güclü Ordumuza təşəkkür edirik. Vətən uğrunda canından keçən şəhidlərimizin qanı hesabına indi həmin torpaqlara ayaq basırıq. Allah onlara rəhmət etsin, qazilərimizə cansağlığı versin”.
Mütəxəssis həmin oyunda futbolçularının “Qarabağ” kimi güclü komandaya qarşı layiqli mübarizə apardığını xatırladıb: “Qarabağ” Avropada Azərbaycanı yüksək səviyyədə təmsil edir. Futbolçularımın əzmkarlığı sayəsində rəqib komanda 90 dəqiqə ərzində müdafiəmizi yara bilmədi. Bu cür kollektivə qarşı sonadək oynamaq böyük güc tələb edirdi. Komandam bunu bacardı. Həmin atmosferi, meydandakı ab-havanı heç vaxt unutmayacağam”.
Qeyd edək ki, Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu top Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırmışdı. İşğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçında fərqlənən gənc hücumçu tarixi qolun müəllifi olmuşdu.
İdman.biz