"Transferlərin üzərində işləyirik. Gücləndirməli olduğumuz mövqelər var. Amma qışda transfer etmək çətindir. Əlimizdə olan oyunçuları göndərsək, bunun əziyyətini çəkə bilərik".
İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasında 18-ci turun matçından sonra keçirilən mətbuat konfransında deyib.
O, "Turan Tovuz"la səfər görüşündə qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib: "Azarkeşlərimizə təşəkkür edirəm. Uzun yol gəlib bizi dəstəklədilər. Birinci hissədə rahat idik, oyunu idarə edirdik. İkinci yarıda gözlədiyimiz epizoddan qol buraxdıq. Ozobiç və Boqomolksinin yorulması öz sözünü dedi. Rəqib standart vəziyyətlərdə təhlükəlidir. Futbolçularım mübarizə apardı. Burada hər rəqib çətinlik çəkir. 10-12 günlük istirahətə gedirik. Buna ehtiyacımız var. Şəxslər üzərində danışmayacam. Hər şey nəzarətimiz altındadır. Oyunu otuzdurmaq üçün zaman lazımdır. Bizim üçün hələ ki, prioritet nəticədir. Digər komandalar dəhşət futbol oynayır, tək "Neftçi" oynamır demək düzgün deyil. Yaya kimi çətinliklər çəkəcəyik. Qələbələr qazandıqca nələrisə düzəldə biləcəyik. Bəzi futbolçular uduzmaqdan qorxur. Yalnız qələbə ilə bunu aradan qaldıra bilərik. "Neftçi" olaraq işimiz çoxdur və dayanmadan işləyirik".
"Neftçi"nin baş məşqçisi "Dominant "Neftçi"ni nə vaxt görəcəyik?" sualına özünə məxsus cavab verib: "Martın 22-si (gülür). Nə deyim sizə?"
Qeyd edək ki, flaqman 18 turdan sonra 17 xal toplayıb.
İdman.biz