"İndiki halda komandanın durumu bəllidir. Futbolçu sayı da yetərli deyil. Bu haqda dəfələrlə danışmışıq. Bunu rəhbərlik də başa düşür. Ümid edirik ki, qışdan sonra tam fərqli komanda görəcəyik".
İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 18-ci turundan sonra keçirilən mətbuat konfransında deyib.
Gənc mütəxəssis doğma meydanda "Zirə"yə 0:1 hesablı məğlubiyyəti şərh edib: "Oyunun gərgin olacağını əvvəlcədən bilirdik. Sonuncu yerdə olduğumuz üçün üzərimizdə təzyiq olsa belə, həftəboyu yaxşı hazırlaşmışdıq. "Zirə"ni də ciddi analiz etmişdik. Uduzduqdan sonra nəsə demək çətindir. Rəqibə bir şans verdik, onu da dəyərləndirdilər. Ani diqqətsizlikdən qapımızda qol gördük. Neçə turdur ki, səbəblər haqda danışırıq. Mənə elə gəlir ki, bu haqda danışmağın özü də yersiz olar. Qış toplanışında çatışmayan cəhətlər və müəyyən işlər üzərində əlimizdən gələni edəcəyik ki, sonuncu pillədən qurtulaq.
Qeyd edək ki, "Səbail" qış fasiləsinə sonuncu pillədə yollanıb.
İdman.biz