"Çox geniş heyətimiz yoxdur. Yeni futbolçular ola bilər. İstədiyim tipdə olsa, güclənməyə həmişə hazırıq".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan”nın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 18-ci turundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Gənc mütəxəssis "Qarabağ”la matçda qeydə alınan 0:2 hesablı məğlubiyyəti şərh edib: "Yaxşı oyun alındı. Hər iki komanda hərəkətli idi. Qışa kimi göstərdiyimiz oyunların içərisində ən yaxşılardan biri idi. Məğlub olduq. Komanda olaraq yaxşı iş gördük. Qışdan sonra üst pillələrdə yerimizi qoruyaraq, iddiamızı artıracağıq. Mənim fikrim başqa cür yozulur, hakimlərin başqa cür. Keçən oyunda da penalti var idi. Bizə görə belə idi, onlara görə fərqli. Futbolda olan prosesdir. Bununla barışmaq lazımdır. Amma qərarı verən onlardır. Hörmətlə yanaşırıq".
Elmar Baxşıyev oyun planında daha kreativ ola biləcəklərini deyib: "Heç kəs inanmasa da, bu komandanı mən yığmışam və futbolçuları yığanda da potensialına bələd idim. Yaxşı oyunçularımız var. Qələbələrə ac futbolçulardır. Oyun planında desəm ki, bu komandanı istəyirəm, yox. Ümid edirəm ki, qışdan sonra oyun planında daha da artıracağıq".
Qeyd edək ki, "Araz-Naxçıvan” ardıcıl ikinci oyunda uduzub. 39 xal toplayan komanda liderdən 8 xal geri düşüb.
İdman.biz