Qurban Qurbanov: "Minimum məqsədə çatdıq"

Xəbərlər
22 Dekabr 2024 19:31
32
Qurban Qurbanov: "Minimum məqsədə çatdıq"

"Həqiqətən çox yaxşı komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" uduzsa da, çox yaxşı idman forması göstərən kollektivdir. Bütün oyunlarda eynidirlər. Nəticələri də çox yaxşıdır. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram".

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Araz-Naxçıvan”la matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 18-ci turunda qazanılan 2:0 hesablı qələbəni şərh edib: "Futbolçularıma yanvardan bu yana göstərdikləri performansa görə təşəkkür edirəm. Azarkeşlərimizə də həmçinin. Bizi tək qoymadılar. Yaxşı nəticə oldu. Qalibiyyət çox vacib idi ki, tətilə pozitiv notlarla yollanaq. Görünən odur ki, gələn il daha çox işləməli və daha sağlam, diqqətli olmalıyıq. Xalqımıza gələn il xoş günlər arzulayıram. Ölkəmiz üçün faydalı il olmasını arzulayıram. Bu ili ən uğurlu illərdən adlandırıram. "Braqa", "Bayer"lə oyunlarımız oldu. Xalqımız böyük futbol yaşadı. Oyunların hamısı gərgin və maraqlı oldu. Həyəcanlı qələbələr, həyəcanlı məğlubiyyətlər var idi. "Bayer"ə hər iki maçtda qalib gəlmək üçün yaxşı şansımız var idi. Çempion olduq, kuboku qazandıq. Minimum məqsədə çatdıq. ÇL-in pley-off mərhələsində oynadıq. Məğlubiyyətlər oldu AL-də. Olmamalı idi, ancaq oldu".

Qurbanov ilin ən yaxşı futbolçusu kimi Toral Bayramovun adını çəkib: "Bu barədə düşünməmişəm. İlk ağlıma gələn Toral oldu. Çox yaxşı sezon keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu. Siyahıya baxaram".

Qeyd edək ki, 47 xal toplayan "Qarabağ" qış fasiləsinə lider kimi yollanıb.

İdman.biz