"Valensiya" fanatları "Real"la oyunu boykot etməyə çağırıblar

Xəbərlər
23 Dekabr 2024 10:19
57
"Valensiya" fanatları "Real"la oyunu boykot etməyə çağırıblar

"Valensiya"nın bir qrup azarkeşi komandanın "Real"la oyununu boykot etməyə çağırıb.

İdman.biz xəbər verir ki, "yarasalar" La Liqanın 12-ci turunun təxirə salınmış matçı çərçivəsində yanvarın 3-də "Mestalya"da Madridin Kral klubu ilə qarşılaşacaqlar.

"Valensiya"nın səhmdarlar assosiasiyası "Libertad VCF" azarkeşləri klubun 2025-ci ildə keçirəcəyi ilk ev oyununa getməməyə çağıran bəyanat yayıb. Aksiya klub rəhbərliyinə və onun sahibi Peter Limə qarşı yönəlib.

Təşkilatın açıqlamasında deyilir:

“Valensiya"dakı vəziyyət kritik həddə çatıb. Peter Lim və onun əlaltıları klubumuzu idman, iqtisadi və sosial çöküşə aparıblar. Komandamızın gələcəyinə sadiq olan bir cəmiyyət olaraq, buna göz yuma bilmərik. Bizim vəzifəmiz sözümüzü demək və hərəkət etməkdir.

Buna görə də yanvarın 3-də "Real Madrid"lə matçda "Mestalya"nın tamamilə boş qalmasına çağırırıq. Biz klubun dağıdılmasına şərik olmayacağıq. “Valensiya”nın pul xatirinə məhvinə imkan verməyəcəyik".

Qeyd edək ki, "Valensiya" 17 matçdan sonra 12 xalla La Liqada turnir cədvəlinin sonuncudan əvvəlki - 19-cu pilləsindədir.

İdman.biz

Məqalədə: