Misli Premyer Liqasında 2024/25 mövsümünün ilk yarısı başa çatıb.
İdman.biz xəbər verir ki, arxada qalan 18 turda yalnız 6 futbolçu bütün oyunlarda əvəzolunmadan iştirak edib.
Əvəzolunmazlar 18 oyunda 1620 dəqiqə oynamaq imkanı qazanıblar. Onlardan üçü qapıçı, üçü sahə oyunçusudur.
Yalnız bir klubda əvəzolunmazın sayı birdən çoxdur. “Sumqayıt”da 1620 dəqiqə oynayan üç futbolçu olub. Bir sözlə, əvəzolunmazların yarısı bu komandadadadır. Qapıçı Mehdi Cənnətov, həmçinin sahə oyunçuları Murad Xaçayev və Elvin Bədəlov bütün görüşləri start fitindən final fitinədək meydanda olublar.
“Turan Tovuz”un legioneri Emmanuel Hakman da 1620 dəqiqə şans qazanan sahə oyunçularındadır. Digər iki əvəzolunmaz qapıçıdır. “Şamaxı”da Rikardo Fernandes, “Səbail”də Hüseynəli Quliyev əvəzolunmaz kimi yadda qalıb. Altı əvəzolunmazın ikisi legioner, dördü yerli statusa malik oyunçudur.
Qeyd edək ki, mövsümün ilk yarısında 25 futbolçu 18 oyunda iştirak edib.
Vüqar Xeyrullayev
İdman.biz