Bəxtiyar Musayev: "Juninyodan zəif futbolçular o cür klublarda oynayırlar" - MÜSAHİBƏ

Müsahibə
23 Dekabr 2024 17:33
47
Bəxtiyar Musayev: "Juninyodan zəif futbolçular o cür klublarda oynayırlar" - MÜSAHİBƏ

Futbol mütəxəssisi Bəxtiyar Musayevin apasport.az-a müsahibəsi.

- "Qarabağ" Juninyonu "Sevilya"ya satacağı halda, ən azından onun səviyyəsində yeni forvard tapa biləcək?
- "Sevilya"dan "Qarabağ"a təklif gəlməsi sevindiricidir. Azərbaycan futbolu üçün belədir. Böyük klub olan "Sevilya"nın Azərbaycan klubunun futbolçusuna maraq göstərməsi çox sevindirici haldır. Hələ bu transfer baş tutmayıb, tərəflər arasında razılıq olarsa, Juninyo səviyyəsində futbolçu tapmaq nəinki qışda, yayda da çətin olur. Üstəlik, son vaxtlarda futbolçularda süni qiymət artımı da baş verib. Dünya futbolunda belədir. Normal keyfiyyətlərə malik futbolçuya artıq milyonlar təklif edilir. Ona görə asan olmayacaq. Amma burada şans məsələsi də var. Birdən görürsən ki, qışda normal futbolçu olur və transfer edirsən. İstəyərdim ki, bu söz-söhbətlər sonda "Qarabağ"ın xeyrinə bitsin. "Qarabağ"a uğurlar arzulayıram. Hələ transfer reallaşmayıb. Bu söz-söhbətlərin xoş sonluqla bitməsini istəyirəm.

- Bəs, bu mövsüm o qədər də effektiv olmaması təkliflərlə bağlıdır?
- İnanmıram ki, Juninyo indiki oyunlara fokuslana bilməsin. O, peşəkar futbolçudur. Təklif də bu yaxınlarda olub. Futbolçuda il ərzində müəyyən period olur ki, oyunu istənilən səviyyədə alınmır. Hər halda, Juninyo fayda verməyə çalışır. Çox da eniş hiss edilmir. Bəli, bir az məhsuldarlıq aşağı düşüb. O da keçən mövsümə nisbətən belədir. Fikri başqa yerdədir məsələsi ilə razı deyiləm. İnanmaq istəməzdim.

- Qışda hücumçu transfer edilməsə, "Qarabağ"da Juninyonu əvəzləyəcək hücumçu kimdir?
- Juninyo komandanın əsas hücumçusudur. Komandada Redon Cica, Musa Qurbanlı da var. Amma hamımız bilirik ki, Juninyo əsas forvarddır. Onun gedişindən sonra işlər asan olmayacaq. Bu transfer reallaşarsa, "Qarabağ" özü də istəyər ki, onun yerinə səviyyəli hücumçu transfer etsin. İndiki futbolçular istər Musa, istərsə də Cica hər dəfə oyuna çıxanda komandaya faydalı olurlar. Ancaq sirr deyil ki, əsas hücumçu Juninyodur.

- Bəs, Juninyonun özü "Sevilya"da oynaya biləcək səviyyədədir? Sizcə, o, top səviyyədə hücumçudur?
- Juninyoda müasir hücumçu üçün bir çox keyfiyyətlər var. Sürətlidir, fiziki güclüdür, zərbələrinin də qüvvəti var. Bu komponentlər hücumçunun formalaşmasında böyük rol oynayır. "Sevilya" top liqada iştirak edir. Juninyoda dediyim keyfiyyətlər varsa, bir az da şans yanında olsa, "Sevilya"da da oynayacaq. Liderlərdən olacaq deməzdim, amma ümumi ab-havanı pozmaz. Hərdən izləyirəm "Sevilya"nı da, digərlərini də. Juninyodan zəif futbolçular o cür klublarda oynayır.

- Maraqlıdır ki, "Qarabağ" İbrahim Vadjini "Sent-Etyen"ə, Kadi Borgesi isə "Krasnodar"a sata bilmişdi. Amma etiraf edək ki, "Sevilya"ya oyunçu satmaq daha cəlbedicidir. Bu mənada, Juninyonun "Sevilya"ya satmaq "Qarabağ"ın daha üst səviyyədə olan futbol bazarına girməsi üçün əla şans olacaq?
- Bəli, "Sevilya"nın Azərbaycan klubunun oyunçusuna maraq göstərməsi müsbət haldır. Ondan əvvəl Kadi Borges, İbrahim Vadji başqa klublara transfer olunub. Bunlar dünya mətbuatında da izlənilir. Ona görə diqqət biz tərəfə də dönə bilər. Hətta söz-söhbətlərin olması belə, çox yaxşı haldır. Ümid edirəm ki, bundan sonra da biz tərəfə baxarlar, Azərbaycan futboluna da maraq olar. Nə qədər çox olsa, bir o qədər də klublarımızın, Azərbaycan futbolunun xeyrinədir.

- Uzun illərdir ki, "Qarabağ"ın legionerlərini kimlərsə istəyir, transfer edir. Amma, səncə, niyə bu qədər zamanda Avropa klubları yerli futbolçulara maraq göstərmir?
- Bildiyim qədərilə bəzi yerli oyunçulara da təkliflər olur. Ya sonda alınmır, ya futbolçu getmək istəmir. Belə hadisələr də olur. Ancaq az da olsa, maraq var. Təbii ki, daha çox maraq olması üçün yerlilərimiz də olduqları mövqe ilə kifayətlənməməlidirlər. Daha çox zəhmət çəkib, çalışıb, top səviyyəli klubların maraq dairəsinə düşməlidirlər. Öz üzərlərində daha çox işləməlidirlər. Biz də istəyərik ki, azərbaycanlılar xaricə getsin. Mən də istəyərdim ki, azərbaycanlı balalarımıza "Sevilya" kimi top klublardan təkliflər olsun. Daha çox səylə çalışmaq lazımdır. İstər məşqlərə, istər şəxsi həyat tərzinə fikir vermək gərəkdir. Yaxşı futbolçu olmaq üçün bir sıra məsələlərə əməl etmək lazımdır. Ümid edirəm ki, yerlilərə də top klublardan maraq gələcək.

İdman.biz