“Juninyo inanılmaz dərəcədə sürətlidir və hücumları əla tamamlayır. Hazırda o, Avropanın istənilən liqasında oynaya bilər”.
İdman.biz xəbər verir ki, bunu portuqaliyalı məşqçi Vitor Kampelos “Qarabağ”ın hücumçusu Olavio Juninyo haqda deyib.
Hazırda işsiz olan mütəxəssis 2021-23-cü illərdə “Şaviş” klubunda çalışdığı vaxt rəhbərliyi altında oynayan braziliyalının “Sevilya”ya mümkün keçidini dəyərləndirib: “Bəzən futbolçular müxtəlif səbəblər üzündən böyük şansını gec əldə edir. Olavio artıq 28 yaşındadır. O, “Sevilya” azarkeşlərinə çox sevinc bəxş edəcək. Onun bunun üçün vaxtı var. Juninyoda bütün məşqçilərin bəyəndiyi xüsusiyyətlər var. O, çox güclüdür, həm meydanın dərinliyində oynamaq, həm komandaya dəstək olmağı bacarır. Əla da bitiricidir”.
Mütəxəssis Juninyo ilə son söhbətini də xatırladıb: “Bizim əla münasibətlərimiz var. Bir neçə gün əvvəl danışmışıq. O, mənə dedi ki, otağımda danışdıqlarımızı, potensialından yararlanması ilə bağlı verdiyim məsləhətləri xatırlayır. Olavio daim soyunub-geyinmə otağında təmkinli, yaxşı əhval-ruhiyyədə olur”.
Qeyd edək ki, Juninyo “Şaviş”də keçirdiyi 2,5 mövsümdə 81 oyunda 13 qol vurub və yüksək liqaya vəsiqə qazandırıb.
İdman.biz