“Kəpəz”in kapitanı: “Təyyarə qəzası böyük faciədir, eşidəndə şoka düşdüm”

Xəbərlər
26 Dekabr 2024 12:28
85
“Kəpəz”in kapitanı: “Təyyarə qəzası böyük faciədir, eşidəndə şoka düşdüm”

“Böyük faciədir, bu xəbəri eşidəndə şoka düşdüm. Qəzalardan heç kim sığortalanmayıb”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Yeqor Xvalko deyib.

Belaruslu futbolçu "Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması barədə fikirlərini kapitanı olduğu klubun mətbuat xidmətinə bildirib: “Hamımız insanıq, bir gün öncə özüm təyyarə ilə Bakıdan vətənə dönmüşəm. Hava nəqliyyatından istifadə etmişəm. Bu hadisə hər birimizin başına gələ bilər. İstəyimiz gələcəkdə belə qəzaların baş verməməsidir. Xoşbəxtlikdən digər sərnişin daşınma növləri ilə müqayisədə təyyarələrin qəzaya uğraması nadir haldır. Amma yenə də kədərlidir. İnsanlar həyatını itirirlər. Tez-tez təyyarədən yararlanan biri kimi deyə bilərəm ki, uçuşlar mənim üçün stressdir. Hadisə zamanı həlak olanların doğmalarına başsağlığı verirəm, yaralıların tezliklə ayağa qalxmasını arzulayıram”.

27 yaşlı müdafiəçi qəza ilə bağlı sosial şəbəkədəki səhifəsində paylaşım edib: “Hazırda əlimdən gələn budur, hamımız sağ qalanlar üçün dua edirik. Biz mənəvi dəstəyimizlə bu ağır hadisənin qurbanları olan insanların yaxınlarına, yaralılara kömək edə bilərik. Öyrənmişəm ki, həlak olanlar, yaralılar arasında bizim Gəncədən olanlar da var”.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

İdman.biz