“İstərdim ki, Azərbaycan çempionatında komanda sayı çox, rəqabət fərqli olsun”.
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbovun ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşündə deyib.
O, Misli Premyer Liqası barədə fikirlərini bildirərkən çempionatın lideri “Qarabağ”la digərləri arasında fərqin böyüklüyündən narahatlığını gizlətməyib: “Premyer Liqada ikinci dövrə başa çatdı. Birinci yerlə ikinci pillədəki komandanın xal fərqi məni çox narahat edir. “Qarabağ” son illərin dəyişilməz çempiondur. Lakin bu kollektivlə rəqabət aparacaq komanda yoxdur”.
Nazir qeyd edib ki, rəqabətin yaranması elə “Qarabağ”ın da lehinə olacaq: “Rəqabət olarsa, Ağdam klubu da inkişaf edəcək. Bu gün “Qarabağ” avrokuboklarda uduzanda məyus oluruq, deyirik ki, niyə qalib gəlmədi? Amma gəlin xatırlayaq, əvvəlki illərdə heç ilkin mərhələni keçə bilmirdik”.
Qayıbov Premyer Liqa oyunlarının yarıboş, az qala boş tribunalar önünə keçirilməsindən də narahatlığını ifadə edib: "Qarabağ"ın avrokubok oyunlarında Tofiq Bəhramov adına Respublika stadionu dolu olur. Lakin Ağdam klubun yerli liqadakı matçlarına azarkeş gəlmir. Onları düzgün dəvət etmirik. Bizdə də günah var. İnsanlar da dəstək olmağa hazırdırlar. Bölgədəki matçlara azarkeş gəlir. Demək ki, Bakıdakı matça da gələ bilərlər. İdman marketinqini gücləndirməliyik. Mütəxəssis yoxdursa, xaricdən çağırmalıyıq”.
Qeyd edək ki, 18 turdan sonra 47 xala malik “Qarabağ” ikinci yerdən 8, üçüncü pillədən 15 xal öndədir.
İdman.biz