Milli komandaların heyətində 21-ci əsrdə keçirilən matçlardakı qol seriyaları açıqlanıb.
İdman.biz xəbər verir ki, İFFHS-in siyahısında ən azı 7 oyunda fərqlənənlər yer alıb.
Cədvələ 12 futbolçu daxil ola bilib. Əsrin rekordçusu Aymen Husseyndir. O, İraq millisinin ardıcıl 10 qarşılaşmasında meydanı qol vurmadan tərk etməyib. Asiyalı hücumçunun bu seriyası 2024-cü ildə qeydə alınıb.
Səkkiz oyun qolları sıralayan 4 bombardir isə Aymenə həsəd aparır. Bunlar Edin Dzeko (Bosniya və Herseqovina), Məhəmməd Salah (Misir), Lionel Messi (Argentina) və Aleksandar Mitroviçdir (Serbiya).
Ardıcıl 7 matçda qol vuranların sayı yeddiyə bərabərdir. Kriştiano Ronaldo (Portuqaliya), Robert Levandovski (Polşa), Yan Koller (Çexiya), Riyad Mahrez (Əlcəzair), Darvin Nunyes (Uruqvay), Erlinq Haland (Norveç) və Mohammed Al-Şahlavi (Səudiyyə Ərəbistanı) rekordçudan üç oyun geri qalırlar.
Qeyd edək ki, millidəki son qollarını ötən ilin oktyabrında vuran Aymen noyabrda keçirdiyi hər iki matçda fərqlənə bilməyib.
İdman.biz