Azərbaycan çempionatında 18 turda 6 qırmızı

Xəbərlər
1 Yanvar 2025 11:02
76
Azərbaycan çempionatında 18 turda 6 qırmızı

Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısı intizamlılığı ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, 18 turun 90 oyununda cəmi 6 qırmızı vərəqə göstərilib.

Orta hesabla hər üç tura bir belə cəza təsadüf edib. Qırmızılardan beşi ikinci sarı, biri birbaşa verilib.

“Kəpəz” daha çox – 2 dəfə 10 nəfərlə oynamalı olub. Elmir Tağıyev və Dioqo Verdaska qırmızı alıblar.

Brahim Konate “Şamaxı”nı, Elvin Cəfərquliyev “Qarabağ”ı, Turan Vəlizadə “Araz-Naxçıvan”ı çətin vəziyyətdə qoyub. Birbaşa qırmızı vərəqə alan yeganə oyunçu isə “Neftçi”nin legioneri Edvin Kuçdur.

O, həm də qırmızı vərəqə alanlar arasında ən çox cəzalanan futbolçudur. Edvin ilk yarıda 5 sarı vərəqə də alıb. Konate meydandan kənarlaşdırıldığı matçdan başqa 4 dəfə xəbərdarlıq görüb.

Qırmızı vərəqəsi olmayanlar arasında da “liderlər” var. “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev 8 sarı vərəqə “toplayıb”. “Şamaxı”nın legioneri Belajdi Pusidə bu rəqəm 7-yə bərabərdir.

Qeyd edək ki, 8-ci xəbərdarlığı XVIII turda alan Şəhriyar 2025-ci ili cəzalı durumda başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz