Bu mövsüm ev oyunlarına ən çox tamaşaçı gələn I və II Bundesliqa klublarının siyahısı açıqlanıb.
İdman.biz xəbər verir ki, "Kicker"in hazırladığı cədvəldə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" orta hesabla hər matçda 35762 azarkeşlə 15-ci yerdədir.
Həmyerlimizin klubu səkkiz ev oyunundan yalnız birində 50 min yerlik "Max-Morlock-Stadion"a bütün biletləri sata bilib.
Siyahıya 81365 tamaşaçı ilə Dortmund "Borussiya"sı başçılıq edir. "Bavariya" bu göstəriciyə görə ikincidir - 75000. Hər iki klub hazırkı mövsümün ev oyunlarında bütün biletləri sata bilib.
Qeyd edək ki, ev oyunlarına ən çox tamaşaçı gələn Almaniya klubları arasında üçüncü yerdə 61187 göstərici ilə II Bundesliqa təmsilçisi "Şalke" qərarlaşıb.
İdman.biz