Bu gün “Futbol kralı” Pelenin ölümündən iki il ötür.
İdman.biz xəbər verir ki, dünya futbolu iki ildir kralsız qalıb.
Braziliya millisinin heyətində üçqat dünya çempionu olan Edson Arantes do Nasimento bunu bacaran yeganə futbolçudur. O, 82 yaşında dünyasını dəyişib.
2022-ci il noyabrın 29-da səhhəti pisləşən Braziliya millisinin sabiq futbolçusu xəstəxanaya yerləşdirilib. Həmin vaxt ona böyrək və ürək çatışmazlığı diaqnozu qoyulub. Bundan əvvəl onun yoğun bağırsaq xərçənginin müalicəsi çərçivəsində keçdiyi kimyaterapiyanın istənilən nəticəni vermədiyi üçün dayandırıldığı açıqlanıb.
Pele tarixdə yeganə oyunçudur ki, futbolçu kimi 3 dəfə (1958, 1962 və 1970-ci illərdə) Dünya kubokunu qazanıb. O, dünya çempionatının final turnirlərində ümumilikdə 14 oyun keçirib və 12 qol vurub.
Pele Braziliya millisində çıxış etdiyi 1957-71-ci illərdə 92 oyunda 77 dəfə fərqlənib. O, 2 dəfə (1962, 1963) Libertadores Kubokunu və Qitələrarası Kuboku qazandığı Braziliyanın "Santos" klubundan başqa, ABŞ-ın "Nyu-York Kosmos" komandasında oynayıb.
Pele FIFA Futbol Komissiyası, “World Soccer” və “France Football” tərəfindən XX əsrin ən yaxşı futbolçusu, həmçinin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən XX əsrin ən yaxşı idmançısı seçilib.
İdman.biz