Başa çatmaqda olan ilin ən əlamətdar hadisələrindən biri də Azərbaycan futbolunun yetirməsinin uzun fasilədən sonra “böyük beşlik” ölkəsində çıxış etməyə başlamasıdı. Təbii ki, söhbət Almaniyanın II Bundesliqasında forma geyən Mahir Emrelidən gedir.
Mahir qısa müddətdə “Nürnberq”in start heyətində yer qazanmaqla, ardıcıl qollar vurmaqla da hamının rəğbətini qazandı. Zədə müddətini kənara qoysaq, ilin ikinci hissəsində Mahir parladı. Və “Futbol+”in ənənəvi sorğusunda 3-cü yeri tutdu.
İlin yekunları ilə bağlı Mahir Emreli ilə söhbətləşməyi qərara aldıq.
- “Futbol+”in ilin futbolçusunu seçmək üçün keçirdiyi ənənəvi ümummilli sorğuda 3-cü yeri sən tutdun. İlin ilk yarısında da daim oynasaydın, yəqin ki, ilin futbolçusu seçilə bilərdin. Özün bu ili necə qiymətləndirirsən: boşa verilən ilk yarı və özünü yaxşı tərəfdən göstərdiyin ikinci yarı...
- Düşünmürəm ki, ilk yarıda oynasaydım da, ilin futbolçusu seçilməzdim. Çünki yaxşı, bütöv mövsüm oynadığım vaxtlarda da seçilməmişəm. Açığı, bu barədə düşünməmişəm. Toral Bayramovla Elvin Cəfərquliyevi də təbrik edirəm. İkisi də qardaşlarımdı. Onlara uğurlar arzulayıram.
- Bilirik ki, birillik müqavilə bağlayan futbolçuya klubu qışda, adətən, yeni müqavilə təklif edir. Sənin “Nürnberq”lə bu yöndə danışıqların baş tutubmu?
- Bəli, menecerim vasitəsilə danışırlar. Yeni müqavilə təklif ediblər, amma hələ ki biz bir cavab deməmişik. Vaxt var. Oturub düşünəcəyik və qərar verəcəyik. Mən meydanda çalışıram. Qalan işləri agentlərim görür.
- Almaniyada ard-arda qollar vurmağın hamını yaxşı mənada təəccübləndirdi. Amma qolların davamı gəlmədi. Niyə? Ümumiyyətlə, Miroslav Kloze ilə bununla bağlı nə kimi danışıqlarınız olurdu?
- Olur belə hallar. Bəzən ard-arda neçə oyun qol vurarsan, elə olar neçə oyun vura bilməzsən. Yəni futbol bu gün belədi. Çox az hücumçu var ki, ardıcıl hər oyunda qollar vurur, fərqlənir. Ümumilikdə komanda şəklində qələbə qazanmaqda çətinlik çəkirdik. Təbii ki, hücumçunun işi qol vurmaqdı. Amma mənim ilk növbədə qol vurmaq kimi heç vaxt düşüncəm olmayıb. Belədə komandamın qələbə qazanması mənim üçün hər şeydən önəmlidi.
- Bizdə olan bilgiyə görə, ikinci bundesliqanın başqa klubları da sənlə maraqlanır. Belə bir maraq hiss edirsənmi?
- Bütün təkliflər, transfer məsələləri ilə agentlərim maraqlanır. Sadəcə, sonda qərarımı verirəm. Başqa detallarla maraqlanmıram. Yaxud kim maraqlanıb, onunla da maraqlanmıram. Sadəcə, rəsmi nəsə olanda düşünüb birgə qərar veririk.
- İstərdim ki, birinci və ikinci bundesliqanı müqayisə edəsən. Birinci Bundesliqa çox güclüdümü? Yəni sən özündə birinci bundesliqada oynamaq potensialı hiss edirsənmi?
- Birinci bundesliqada sırf keyfiyyətdi. Keyfiyyət üstündə doğru taktikalar və tapşırıqlar yerinə yetirmək əsasdı. İkinci Bundesliqada isə sırf fiziki futboldu. Təbii ki, fərdi istedad da önəmlidi. Yəni sırf bunlar üstündə qurulub. Amma burdakı bəzi klubların birinci bundesliqa klublarından fərqi yoxdu. Kubokda “Hoffenhaym”a qarşı oynayanda, sözün açığı, o qədər də böyük fərq hiss etməmişdim. Sadəcə, onlarda daha keyfiyyətli futbolçular var. Buna görə də hansısa məqamlarda bizim səhvimizdən daha yaxşı istifadə edirdilər.
- Miroslav Kloze ilə işləmək karyerana nələri qatdı? Onunla münasibətlərində gərginlik olubmu?
- Təbii ki, o da yeni məşqçidir. Məşqçiliyə yeni alışır. Amma böyük futbolçu karyerası olub. Çalışırıq ki, biz hücumçular ondan daha çox şey öyrənək. Öyrənirik də. O da təcrübəsini bizlə bölüşür. Bunun üzərində çalışırıq. Önəmli olan bir-birimizin arasında kommunikasiyanı qoruyub saxlamaqdı. Bu da qaydasındadır. Təbii ki, ona da zaman lazımdı. Komandanı tam hazırlamağa, alışmağa vaxt lazımdı. Bizdən çox futbolçu getdi. Yayda bir neçə yeni futbolçu gəldi. Buna baxmayaraq, düşünürəm ki, mövsümün ilk yarısını normal bitirdik. Təbii ki, daha yaxşı bitirə bilərdik. Oyun planında çox irəlilədik. Amma nəticə baxımından daha yaxşı ola bilərdik.
- Karyeranın bundan sonrakı hissəsini Almaniya və böyük “beşlik ölkələri” ilə bağlı olacağını düşünmək olarmı? Sonrakı hədəfin nədir?
- İndidən proqnoz vermək istəmirəm. Çünki olduğum yerə layiq olmağa, bura köklənməyə çalışıram. Burdakı işimi düzgün yerinə yetirməyə çalışıram. Gələcək barədə hələ ki düşünmürəm.
İdman.biz