Hazırda Premyer Liqada 3-cü pillədə olan "Arsenal" "Ayntraxt"ın 25 yaşlı hücumçusu Omar Marmuşun transferi uğrunda mübarizədə "Çelsi" və "Liverpul"u qabaqlayır.
İdman.biz xəbər verir ki, bu barədə "Caught Offside" yazıb.
Mənbənin məlumatına görə, “topçular” misirli futbolçunun potensial transferinin təfərrüatlarını öyrənmək üçün artıq Almaniya klubu ilə əlaqə saxlayıblar. Marmuşun "Ayntraxt"la 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmaq üçün aparılan son danışıqlarda müsbət cavab vermədiyi vurğulanır.
Bu mövsüm hücumçu bütün turnirlərdə 24 matçda 18 qol vurub, 12 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında verilən məlumata görə, Marmuşun transfer dəyəri 60 milyon avrodur.
Ondan başqa, "Arsenal" "Vulverhempton"un 25 yaşlı mərkəz hücumçusu Matheus Kunyanı da heyətinə qatmaq niyyətindədir.
“Caught Offside” bildirir ki, “topçular”ın braziliyalı futbolçuya marağı vinger Bukayo Sakanın zədələnməsi və iki aya yaxın müddətə sıradan çıxması səbəbindən güclənib. Amma "Vulverhempton"un mövsümün ortasında Kunya ilə ayrılmaq istəmədiyi, ona görə də "Arsenal"ın onu yanvarda transfer etməsinin qeyri-mümkün olacağı vurğulanır.
Bu mövsüm Kunya bütün yarışlarda 20 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında onun transfer dəyəri 50 milyon avrodur.
İdman.biz