Misli Premyer Liqasının başa çatan ilk yarısı “Qarabağ”ın üstünlüyü ilə diqqət çəkib.
İdman.biz xəbər verir ki, Ağdam klubu keçirdiyi 18 oyunda cəmi 7 xal itirib.
54 mümkün xaldan 47-ni toplayan Qurban Qurbanovun yetirmələri iki heç-heçə və bir məğlubiyyətlə itkilər yaşayıblar. Bu, ölkə çempionatları tarixində 6 ən yaxşı nəticədən biridir.
Söhbət ilk 18 turdan sonra toplanılan xallardan gedir. Əslində, tarixdə 4-cü dəfə bir komanda bu qədər oyunda cəmi 7 və ya daha az xal itirir.
1995/96 mövsümündən qələbəyə görə üç xal verilir. Bu müddətdə mütləq rekord 2 il əvvəl qeydə alınıb. Həmin vaxt “Qarabağ” 50 xal yığıb.
47 xal əldə olunması isə 3-cü dəfə qeydə alınır. 1999/2000 mövsümündə “Şəmkir”, dörd il sonra “Qarabağ” 47 xal qazanıb. 21 il əvvəlki nəticəsini təkrarlayan, 2022/23 mövsümündəkindən üç xal az yığan Ağdam təmsilçisi tarixində 3-cü dəfə 18 turdan 7 və ya daha az xal itirir. Bir sözlə, bölgə təmsilçisi bu göstəricidə “het-trik” müəllifidir.
Ümumiyyətlə, 1995-ci ilin yayından indiyə qədər qeydə alınan 4 belə göstəricidən üçü “Qarabağ”ın payına düşür.
Amma qələbəyə görə 2 xal verildiyi ilk 4 çempionatda da oxşar, hətta daha yaxşı nəticəyə təsadüf olunub. 1992-ci ildə “Neftçi” 18 matçda 17 qələbə qazanıb və 1 məğlubiyyət alıb. Həmin vaxt bakılıların aktivində 34 xal olub. İndiki qayda ilə qələbəyə 3 xal prinsipi ilə müqayisə etsək, 51 xallıq nəticə mütləq rekord sayılar.
1994/95 mövsümündə isə “Kəpəz” fərqlənib. Gəncə klubu 15 qələbə və 3 heç-heçə ilə 33 xal toplayıb. İndiki formatda qərblilər 48 xala malik olacaqdı.
Qeyd edək ki, hazırda “Qarabağ” ikinci pillədəki “Araz-Naxçıvan”ı 8 xal qabaqlayır.
Vüqar Xeyrullayev
İdman.biz