Avropada ili bombardir kimi başa vuranlar – Juninyo da onların sırasında

Xəbərlər
2 Yanvar 2025 14:04
71
Avropada ili bombardir kimi başa vuranlar – Juninyo da onların sırasında

2024-cü ili artıq geridə qoyduq. Payız-yaz sistemi ilə keçirilən Avropa futbolunda qış fasiləsinə qədər klub turnirlərində, eləcə də yığmaların UEFA Millətlər Liqasında ötən ilə təsadüf edən oyunlarda futbolsevərlər çoxsaylı qolların şahidi oldular.

İdman.biz qitə turnirlərində bu mövsümün ilk hissəsində yeni ilə qədər hansı futbolçuların azarkeşlərinə daha çox qol sevinci yaşatdığını diqqətə çatdırır.

Çempionlar Liqasının bu mövsümü Azərbaycan klubunun hücumçusunun bombardirlik keyfiyyətinin nümayişi ilə yadda qaldı. Təsnifat mərhələsində 4 oyunda “Qarabağ”ın 6 qoluna imza atan Olavio Juninyo pley-offun 2 oyununda fərqlənə bilməməsinə və ardından klubu qitə yolunu bu turnirdə davam edə bilməməsinə baxmayaraq, liqa mərhələsinə qədərki dövrün bombardiri adına sahib olmaqla yanaşı, uzun müddət bütün mərhələlər nəzərə alınmaqla Çempionlar Liqası mövsümünün bombardirlik zirvəsini öz əlində saxladı. Yalnız noyabrın 26-da liqa mərhələsinin 5-ci turunda artırılma dəqiqələrində 7-ci qolunu vuran “Barselona”nın forvardı Robert Levandovski qollarının sayını 7-yə çatdıraraq “Qarabağ”ın braziliyalı legionerini geridə qoya bildi. Hazırda da Levandovski 7 qolla ilk pilləni əlində saxlayır. Juninyodan savayı daha 3 futbolçunun 6 qolu var. Bunlar Seru Qirassi (“Borussiya” Dortmund), Rafinya (“Barselona”) və Conatan Daviddir (“Lill”). Bütün qollarını liqa mərhələsində vuran Levandovski (7), Qirassi (6) və Rafinya (6) bu mərhələnin bombardirləridir.

Avropa Liqasında bütün mərhələlər üzrə Latfiya RFŞ-sindən Yanis İkaunieks 7 qolla öndədir. Macarıstan “Ferensvaroş”undan Barnabaş Varqanın 6 qolu var. Varqa bu qollarından 5-ni Liqa mərhələsində vurub. Bu mərhələdə bombardir adını 5 qolla onunla paylaşanlar sırasında Samu (“Portu”), Rasmus Hoylund (“Mançester Yunayted”) və Yunus Akgün (“Qalatasaray”) də var.

Konfrans Liqasında Kjiştof Piatek (“Başakşəhər”) bütün mərhələlər üzrə 9 qolla öndədir. Kristofer Nkunkunun (“Çelsi”) 7 qolu var. Bu iki futbolçu qollarının 5-ni Liqa mərhələsində vurduqlarından əsas mərhələnin bombardirliyini bütün qollarını turnirin bu hissəsində vuran daha bir “Çelsi” futbolçusu Mark Qiyu 6 qolla öndədir. 5 qol vuranların sırasında Afimiku Pululu (“Yaqelloniya”) Miloş Pantoviç (“Baçka Topala”) və Conni Kennu (“Şemrok Rovers”) da var.

Avropa Millətlər Liqasında ən çox qol vuran Kriştiano Ronaldodur. Portuqaliyalı ulduz 5 qol vuraraq inamla bombardirlər siyahısına başçılıq edir. 7 futbolçunun 3 qolu var.

Vüqar Məmmədov
İdman.biz