Juninyonu gözləyən “bərbərlər”

Xəbərlər
3 Yanvar 2025 15:52
321
Juninyonu gözləyən “bərbərlər”

“Qarabağ”ın La Liqa yolunun astanasında olan forvardı Olavio Juninyo böyük həvəslə Ağdam klubu ilə “Sevilya”nın maliyyə məsələsində razılaşacağı anı gözləyir. Braziliyalı forvardı isə 1816-cı ildən sonra Coakkino Rossininin “Sevilya bərbəri” operası ilə məşhurlaşan şəhərin futbolsevərləri gözləyirlər.

İdman.biz həmin şəhərin 21-ci əsrdə UEFA Kuboku və Avropa Liqasını qazanmağa adətkərdə olaraq, turnirin ən çox qalibi olmuş komanda adını yiyələnməklə ad çıxaran “Sevilya” futbol klubunun dünəninə və bu gününə nəzər salıb.

Klub 1890-cı ildə yaradılıb. La Liqada yeganə çempionluğu 1945/46-cı illərə təsadüf edən klub əsrin ortalarında daha 4 dəfə vitse-çempion olub. 5 İspaniya kubokunun 3-nü də məhz o dövrdə qazanıb.

90-cı illərin sonu, yeni əsrin əvvəllərində La Liqa ilə aşağı divizion arasında var-gəl edən Sevilya təmsilçisi 2004-cü ildən Avrokubokların daimi iştirakçısına çevrilib. Yalnız 2012/2013-ü illər mövsümündə, bir də indiki mövsümdə qitə turnirlərinə yol tapa bilməyib.

Bu dövrdə klub 2 dəfə UEFA Kubokunun (2005/2006, 2006/2007), 5 dəfə isə onu əvəzləyən Avropa Liqasının (2013/2014, 2014/2015, 2015/2016, 2019/2020, 2022/2023) qalibi olaraq turnirin rekorduna imza atıb. Eyni zamanda 2006-cı ildə Avropa Superkubokuna da sahib çıxıb.

Ölkə çempionatında müasir dövrdə ən güclülərin sırasına qayıdışından sonra ən böyük uğuru 2 dəfə (2006/2207, 2008/2009) iki ispan nəhənginin ardından 3-cülük qazanması olub. 2019/2020, 2020/2021 və 2021/2022-ci illər mövsümlərində 3 dəfə ardıcıl 4-cü olan “Sevilya”nın bundan sonra dönəmi dönüb. Növbəti mövsümdə 12-ci olan klub, ötən mövsümü 14-cü pillədə başa vurub, indi də elə 18 oyundan sonra eyni mövqedə qərarlaşıb.

Komanda müasir dövrdə 4 dəfə finalında oynadığı İspaniya Kubokunun ikisində (2006/2007, 2009/2010) qalibi olub, 1 dəfə isə (2007) ölkə Superkubokuna sahib çıxıb.

Hazırda ölkə çempionatında 18 oyunda 6 qələbə və 4 heç-heçə ilə 22 xala malik komanda əvvəlki şöhrətini qaytarmaq üçün özünün maliyyə imkanları çərçivəsində yollar axtarır. Bu yolda da “bərbər şəhəri”nin komandası gözünü “Qarabağ”ın son iki mövsüm Avropa Liqasında özündən söz etdirmiş braziliyalısına dikib.

Digər futbolçularının qol imkanlarının məhdudluğu şəraitində tək Konqo əsilli belçikalı Dodi Lukebakionun 8 qolu ilə çox uzağa gedə bilməyəcəyini anlayan komandaya ön xətdə güclü dəstək lazımdır. Komandada Lukebakiodan savayı 2-dən artıq qol vuran yoxdur.

Elə orta xəttin oyun quruculuğu, 27 qol buraxmış arxa xətt də gücləndirilməyə ehtiyac duyur. Ancaq prioritet sahə hücumdur.

Digər xəttlərdəki transfer planlarına gəldikdə, “Sevilya” Bundesliqa təmsilçisi “Auqsburq”un və İsveçrə yığmasının yarımmüdafiəçisi, transfer dəyəri 7 milyon avro olan Dominikan mənşəli Ruben Varqasla müqavilə şərtlərində artıq prinsipial razılıq əldə edib. 26 yaşlı vingerlə 2030-cu ilədək müqavilənin bazar ertəsinə qədər imzalanması gözlənilir.

Sevilyalılar elə Juninyo məsələsini də yaxın günlərdə həll etməyə çalışacaqlar.

Vüqar Məmmədov
İdman.biz