“Böyük beşliy”in ən yaxşıları - STATİSTİKA

Xəbərlər
4 Yanvar 2025 10:06
68
“Böyük beşliy”in ən yaxşıları - STATİSTİKA

Avropanın “böyük beşlik” çempionatlarında futbolçular özlərini müxtəlif tərəfdən göstərə biliblər.

İdman.biz bu çempionatların ən yaxşılarını müəyyən edib.

“Liverpul”un forvardı Məhəmməd Salah 17 qolla həm ümumi bombardirlər sırasında, həm də cərimə meydançası daxilindən vurulan qollarda ən yaxşıdır.

Cərimə meydançası xaricindən ən çox Federiko Valverde (“Real” Madrid) fərqlənib – 5 dəfə.

Başla ən çox qol vuran Tim Kleyndienst (“Borussiya” M) və Lorenso Luççadır (“Udineze”).

Sol ayaqla Məhəmməd Salah (“Liverpul”) 15 dəfə, sağ ayaqla Omar Marmuş (“Ayntraxt”) və Robert Levandovski (“Barselona”) 11 dəfə fərqləniblər.

Ən çox qol vəziyyətini Bukayo Saka (“Arsenal”) və Rafinya (“Barselona”) yaradıblar – 19 dəfə.

Qapıya (79), eyni zamanda qapı çərçivəsinə (42) hamıdan çox zərbəni Erlinq Haland (“Mançester Siti”) endirib.

Qolların zərbələrə nisbətində 20-dən çox vuruşu olanlar arasında ən yüksək göstərici Brayan Mbuemodadır (“Brentford”). O, zərbələrinin 35,48 %-ni qola çevirib.

Məhəmməd Salah (“Liverpul”) 13 dəfə qol ötürməsi verib.

Trent Aleksandr-Arnold (“Liverpul”) və Alexandro Baena (“Vilyarreal”) hərəyə 3 dəfə assistentlərə assist ediblər.

Dəqiq ötürmələr (1586) və ümumiyyətlə ötürmələr (1704) ən çox Coşua Kimmixdədir (“Bavariya”). 500-dən çox ötürməsi olan futbolçular sırasında ən yüksək dəqiqlik Federiko Qattidədir (“Yuventus”) – 95,87 faiz.

Patrik Dreves (“Bohum”) 190 uzun ötürməsini dəqiq ünvana çatdırıb. Dəqiqlik faizinə görə isə 50-dən çox uzun ötürmə verənlər sırasında lider Vitinyadır (PSJ) – 87,9 faiz.

Komanda yoldaşları çoxunu qola çevirə bilməsələr də, Rafinya (“Barselona”) 64 dəfə onları qol vəziyyətinə çıxarıb.

Uğurlu driblinqlərdə Lamin Yamal (“Barselona”) liderdir – 51.

Topalmada Daniel Munyos (“Kristal Pelas”) fərqlənib – 66 dəfə. Topçıxarmada isə ən üstün Adrian İsmailidir (“Empoli”) – 160.

Cərimə meydançasına daha çox krossla daxil olan Alexandro Qrimaldodur (“Bayer”) – 41 dəfə. Bunu 10 dəfədən çox uğurla edənlər sırasında krossunun 50 faizini tamamlayan Hakan Çalhanoğlu (“İnter”) bu sahədə liderdir.

Təkbətək mübarizələrdə Lukas Torro (“Osasuna”) 141 dəfə qalib olub. 30-dan artıq belə qələbəsi olanlar sırasında ən yüksək faiz göstəricisi Mikael Nadedədir (“Sent Etyen”) – 77,55 faiz.

Hava mübarizəsində Milan Duriç (“Montsa”) 116 dəfə fərqlənib. 20-dən artıq hava qələbəsi olanlardan ən yüksək faiz İbrahima Konatedədir (“Liverpul”) – 82,35 faiz.

Mövqe mübarizəsində Bruno Qimarayeş (“Nyukasl”) 130 dəfə qalib olub. 50-dən çox qələbəsi olanlardan ən yüksək faiz Ezri Konsadadır (“Aston Villa”) – 78,26 faiz.

Kontaktsız topalmanın ustaları Bruno Qimarayeş (“Nyukasl”) və Benedikt Hollerbaxdır. Onlar 47 dəfə buna nail olublar.

Mark Flekken (“Brentford”) ən çox seyv edən qapıçıdır (88). O, həmçinin cərimə meydançası daxilindən vurulan zərbələrin qarşısını almaqda da (58) birincidir. Uzaq zərbələr qarşısında isə daha çox Joan Qarsiya (“Espanyol”) etibarlı olub (29).

Ən çox “quru” oyun keçirən qapıçı Aleks Remirodur (“Real Sosyedad”, 10).

Yumruqla top qaytarmağı sevən qolkiper Mark Flekken (“Brentford”, 16) və Robin Zentnerdir (“Maynts”).
Topa çıxışa hamıdan çox cəhd edən qapıçı İnyaki Penyadır (“Barselona”) ki, o da 40 çıxışının hamısında uğurlu olub.

Rəqib asmalarının qənimi Ariyanet Muriçdir (“İpsviç”). O, 32 dəfə asmaları yarımçıq kəsib.

Vüqar Məmmədov
İdman.biz