“Qarabağ”dan son 15 ilin rekordunun TƏKRARI

Xəbərlər
4 Yanvar 2025 16:12
80
“Qarabağ”dan son 15 ilin rekordunun TƏKRARI

Misli Premyer Liqasında mövsümün ilk yarısı “Qarabağ”ın etibarlı oyunu ilə diqqət çəkib.

İdman.biz xəbər verir ki, Ağdam klubu 18 matçda cəmi 7 top buraxıb.

Qurban Qurbanovun yetirmələri orta hesabla hər matçda 0,39 qola üzülüblər. Bu, Azərbaycan çempionatlarında son 15 mövsümün rekordunun təkrarıdır.

2009/10 mövsümündən indiyə qədər heç bir komanda 18 turda 7-dən az top buraxmayıb. 2012/13 mövsümündə “İnter” (indiki “Şamaxı”) 7 qola məyus olub. 2017/18 və 2019/20 mövsümlərində həmin rekordu təkrarlayan “Qarabağ” cari çempionatda 3-cü dəfə eyni nəticəyə imza atıb.

Müdafiədə daha yaxşı oyuna sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakı” cəmi 6 top buraxıb.

1992-ci ildən keçirilən yarışın mütləq rekordu isə 2007/08 mövsümündə gerçəkləşib. Müxtəlif illərdə “Olimpik” və AZAL adlarını daşıyan Bakı klubu ilk 18 turda cəmi 3 qol buraxıb.

Qeyd edək ki, cari mövsümdə ən az qol buraxan ikinci komanda “Araz-Naxçıvan”dır. Elmar Baxşıyevin yetirmələri liderdən təxminən iki dəfə çox – 13 qola məyus olub.

Vüqar Xeyrullayev
İdman.biz