“Neftçi”dən yaxşı xatirələrlə ayrılmışam”.
Bunu İdman.biz-ə açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Mark Tamaş deyib.
Macarıstanlı müdafiəçi bildirib ki, müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi hansısa problem səbəbindən reallaşmayıb. 31 yaşlı futbolçunun sözlərinə görə, “ağ-qaralar”ın bu il daha yaxşı oynayacağına inanır: “Baş məşqçi Samir Abasovla futbolçuların münasibəti normal idi. Ümumiyyətlə, komandada münasibətimin yaxşı olduğu çox insanın adını çəkə bilərəm. “Neftçi” olaraq çətin zamanlardan keçdik, çünki gözlədiyimiz hədəflərə çata bilmədiyimiz anlar oldu. Bunların hamısı təcrübədir. Ümid edirəm ki, “Neftçi” daha yaxşı oynayacaq və yenidən turnir cədvəlində yuxarı pillələrə qayıdacaq”.
Karyerasını “Neftçi”yə transfer olunduğu Rumıniyada “Sepsi”də davam etdirəcəyini deyən Tamaş yenidən milli komandaya düşmək şansını dəyərləndirməyi planlaşdırır.
Qeyd edək ki, "Neftçi" yanvarın 4-də Mark Tamaşla müqaviləni qarşılıq razılıq əsasında ləğv etdiyini açıqlayıb. 2023-cü ilin iyulundan "ağ-qaralar"da oynayan müdafiəçi Bakı təmsilçisinin heyətində 39 rəsmi matça çıxıb.
Aytac Sahəd
İdman.biz