Azərbaycan milli komandasının yeni məşqçisi Rəşad Eyyubov təyinatına münasibət bildirib.
İdman.biz xəbər verir ki, yığmanın sabiq futbolçusu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
32 yaşlı mütəxəssisin sözlərinə görə, milli komandanın bir hissəsi olacağından məmnundur: “Bu, böyük bir məsuliyyətdir və Allahın köməyi ilə uğurlu olacağıq”.
O, 2018-ci ildə futbolçu olaraq başladığı “Sabah”la da vidalaşıb: “Onlarla uzun bir yol keçdik. Məşqçi olaraq bu klubdan ayrılıram. Bu təcrübəni paylaşdığım hər kəsə təşəkkür edirəm və dəstək üçün rəhbərliyə minnətdaram. Vida etmək və irəliyə baxmaq zamanı gəldi”.
Eyyubov İdman.biz-ə isə deyib ki, AFFA rəhbərliyindən təklif gəldikdə çox da düşünmədən razılıq verdi: "Çünki yığma hər bir məşqçinin işləmək üçün arzuladığı yerdir. Vaxtilə futbolçu kimi formasını geyindiyim milli komandaya məşqçi kimi qayıtdığım üçün çox xoşbəxtəm. Üstəlik, Fernandu Santuş kimi böyük mütəxəssisin yanında işləyərək məşqçilik təcrübəmi də artıra bilərəm. Santuş illərin təcrübəsidir, ondan çox şey öyrənəcəyimə əminəm.
Qeyd edək ki, Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib.
İdman.biz