"Ayrı-ayrı vaxtlarda müxtəlif limit şərtləri barədə düşünürük. Demək olar hər il limit məsələsi müzakirə olunur. Ancaq bu vaxta kimi istədiyimizə nail ola bilməmişik".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov bildirib.
Məşqçilər Komitəsinin sədri gələcəkdə legioner limitinin ləğvinin qaçılmaz olduğunu da vurğulayıb: "Məncə, gələcəkdə inkişaf üçün limitin ləğvi qaçılmaz olacaq. İndiki vaxtda isə əmması var... İndi yerli futbolçulara qapıları bağlayırıqsa, ayrı bir qapı açmalıyıq. Əgər açırıqsa, Birinci və İkinci Liqada istədiyimiz nəticəni görə bilməyəcəyik. Futbolçular inkişafdan geri qalacaq. Ya da qapını açırıqsa, Avropanın hansısa ölkəsində çıxış etsinlər. Ancaq həmin ölkələrin çempionatları bizim liqalardan qat-qat zəifdirsə, onda nəyə görə biz bu qapıları açırıq? İlk növbədə vahid bir sistem və işlək mexanizm yaratmaq lazımdır".
Sadıqov indiki vaxtda böyük dəyişikliklərə əl atmağın tez olduğunu da bildirib: "Həmişə demişəm ki, biz islahatlara piramidanın başından başlayırıq. Amma aşağı liqalardan başlayaraq rəqabəti orda yaratmaq lazımdı. Təzyiq altında çıxış edən futbolçular ildən ilə püxtələşəcək. İndiki halda böyük dəyişikliklərə əl atmaq tezdir. Vaxtı ilə Region Liqası yaratmaqla futbolu regionlara qaytarmağa çalışdıq. Aşağıdan yuxarıya görülən işlər üçün böyük infrastrukturlar olmalıdır ki, yaxşı meydanlarda rəqabətli çempionatda çıxış etsinlər".
Qeyd edək ki, Misli Premyer Liqasında legioner limitinin ləğvi məsələsi gündəmdədir. Bu ay AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və bununla bağlı yekun qərar veriləcək.
İdman.biz