“Səbail"in yeni transferi Mirabdulla Abbasovun İdman.biz-ə müsahibəsi
- Yeni komandanıza adaptasiya necə gedir?
- Adaptasiyada çətinliyim yoxdur. Məşqçilər heyətini uzun müddətdir ki, tanıyıram. Üstəlik, futbolçuların bir çoxu ilə öncədən tanış idim.
- Sizcə, “Səbail” bu mövsüm Premyer Liqada qala biləcək?
- Buna inanıram. Gərgin mübarizədə futbolçu kimi mənim üzərimə düşən nə varsa, edəcəm. Ən əsası, çalışacam ki, komandam üçün uğurlu olum. Çətin vəziyyətdəyik, ancaq qarşıda bizi qələbələr gözlədiyinə inanıram. Oyunlarımız çoxdur, çalışacağıq ki bu vəziyyətdən çıxıb bütün “Səbail”sevərləri sevindirək.
- Sizin bir ildir futbol oynamadığınızı əsas gətirib, transferinizə şübhə ilə yanaşanlar var.
- Bu normaldır. Deyilənlərə cavabı meydanda çalışacam verim. Uzun müddətdən sonra yenidən meydana qayıdan birinci futbolçu mən deyiləm.
- 2018-ci ildə ilin ən yaxşı oyunçusu seçilmişdiniz. Ümumiyyətlə, karyeranızın həmin dövrü xüsusilə fərqlənir. Sizcə, yenidən həmin Mirabdullanı görə biləcəyik?
- Buna inanmasam qayıtmazdım. Yenidən futbola qayıtmaqda yeganə məqsədim elə budur. Əlimdən gələni edəcəm ki, daha da böyük uğurlara nail olum.
- Mirsahib Abbasov xeyli müddətdir ki, futboldan uzaqlaşıb. Hazırda qardaşınız hansı sferadadır?
- Qardaşım futboldan uzaq bir sahədədir. O, indi şəxsi biznesi ilə məşğul olur.
Aytac Sahəd
İdman.biz