Juninyo onların yolu ilə gedib

Xəbərlər
8 Yanvar 2025 17:28
67
Juninyo onların yolu ilə gedib

“Qarabağ”ın futbolçusu Olavio Juninyo “Sevilya”ya keçidin bir addımlığında fikrindən dönən ilk oyunçu deyil.

İdman.biz xəbər verir ki, İspaniya klubu son bir ildə 4-cü dəfə hücumçu transferini reallaşdırmağın bir addımlığında qalıb.

La Liqa təmsilçisinin idman direktoru Viktor Orta Juninyoya qədər üç belə uğursuzluq yaşayıb.

Bu transfer fiaskoların startı ötən qış qoyulub. Həmin vaxt Berlin “Union”unda icarədə olan David Datro Fofana “Sevilya”ya keçmək əvəzinə “Çelsi”yə qayıdıb.

Fofanadan əli üzülən Orta “Boavişta”dan Robert Bojeniki transfer etməyə yaxın olub. Tibbi müayinədən də keçən slovakiyalı hücumçu üçün Portuqaliya klubuna ödəmələr problemlərə yol açıb ki, nəticədə transfer baş tutmayıb.

Ötən yay Serdar Azmun “Sevilya”nı danışıqların finişində qoyub. İspaniya klubu ilə az qala hər mənada anlaşan Azmun “Juninyovari fint” edib. İranlı forvard BƏƏ-nin “Şəbəb Əl-Əhli” klubunun daha cəlbedici təklifini dəyərləndirib.

Qeyd edək ki, 2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Juninyonun “Sevilya”ya 4+1 milyon avroya transfer olunacağı gözlənilsə də, cənubi amerikalı sonda “Flamenqo” variantına üstünlük verib.

İdman.biz