Azər Bağırov: “Mübarizədən xoşum gəldi”

Xəbərlər
10 Yanvar 2025 14:31
39
Azər Bağırov: “Mübarizədən xoşum gəldi”

“Yanvarın ilk günlərindən komanda bir yerə yığılıb və məşqlərə başlamışıq. Hazırlıq prosesində qarşıya qoyduğumuz planları həyata keçirməyə çalışırıq”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qış təlim-məşq toplanışı barədə fikirlərini bildirib: “Məşqləri zədəsiz davam etdiririk. Ən vacib məqamlardan biri budur. Futbolçuların məşqlərdə göstərdikləri performans xoşuma gəlir. Səylə çalışırlar. Bu formada davam edirik. Yanvarın 13-nə kimi bəzi fiziki yükləmələri bitirəcəyik. Çempionat oyununa bir həftə qalmış komanda hazır olmalıdır”.

Bağırov “Qarabağ”a qarşı yoxlama oyuna barədə fikirlərini bölüşüb: “Meydana hər iki hissədə fərqli heyəti buraxmışdıq. Futbolçularımızın daha çox təzyiqdə oynamasını istəyirdik. Hamının 45 dəqiqə meydanda olmasına baxmayaraq yükləmələri daha çox götürməsi vacib idi. Bilirsiniz ki, heyətimiz elə də geniş deyil. Ona görə oyunçuların belə vəziyyətdə mübarizə aparması düşünülmüşdü. Bu, onların həm fiziki, həm də mənəvi tərəfdən performansını yaxşılaşdırması üçün idi. Məncə, futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, mübarizədən xoşum gəldi”.

Qeyd edək ki, “Kəpəz” “Qarabağ”a 1:5 hesabı ilə uduzub.

İdman.biz