Arif Əsədov: “Nəticə önəmli deyil, vacib olan oyun planına hazırlıqdır”

Xəbərlər
10 Yanvar 2025 17:52
73
Arif Əsədov: “Nəticə önəmli deyil, vacib olan oyun planına hazırlıqdır”

“Yoxlama oyunlarının nəticələrinə baxanda disbalans görürük”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, komandalarımızın çempionat hazırlığını dəyərləndirib: “Keçən il olduğu kimi bu il də qış fasiləsi qısamüddətli nəzərdə tutulub. Uzunmüddətli hazırlıq dönəmində klublarımız Antalyaya gedir, müxtəlif ölkələrin komandaları ilə görüşlər keçirir, transfer pəncərəsi açıq olduğu üçün yeni oyunçuları yoxlayırdılar. Bir sözlə, hazırlıq zamanı daha məhsuldar olurdu. Bu il isə müddət qısa olduğu üçün təkcə “Turan Tovuz” səfərə yollandı. Onlar da bu addımı lazımı şəraitin olmaması ilə əsaslandırdılar. Qalan klublarımız isə Azərbaycanda hazırlıq dönəmi keçirlər. Göründüyü qədər, komandaların çoxunun iki görüş keçirməsi planlaşdırılır. “Neftçi” isə hələ oyun keçirməyib. Nəzərə alsaq ki, çempionatın başlamasına bir neçə gün var, deməli, bəzi klublarımız bir oyunla kifayətlənəcəklər. Əslində, belə oyunlarda nəticə önəmli deyil, vacib olan futbolçuların fiziki durumunun balanslaşdırılması və oyun planına hazırlıqdır”.

Təcrübəli mütəxəssis bildirib ki, Misli Premyer Liqasında mövsümün qarşıdakı matçları daha maraqlı keçəcək: “Bəzi klublarımız var ki, yeni oyunçular dəvət ediblər. Düzdür, transferlər çox olmasa da, klublarımızın bəziləri heyətini bir ya iki futbolçu ilə gücləndiriblər. Biz burada daha çox “Turan Tovuz”u aktiv görürük. Komanda artıq üç oyunçu cəlb edib. Həmçinin “Səbail” də heyətinə yeni futbolçular qatıb. Bundan sonra isə komandalar əsas diqqəti çempionat oyunlarına verəcək. İkinci dövrədə bütün komandalarımıza uğurlar arzulayıram. Fikrimcə, qarşıda bizi gərgin mübarizə gözləyir. Ən çox da Avroliqa zonası üçün maraqlı oyunların şahidi olacağıq”.

Qeyd edək ki, Premyer Liqada qış fasiləsi yanvarın 17-də başa çatacaq.

Aytac Sahəd
İdman.biz