"Baş məşqçimizin həddindən çox yeni istəkləri var".
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev komandanın Antalyadakı təlim-məşq toplanışını və Rumıniyanın “Qloriya” klubuna qarşı keçirdikləri yoldaşlıq matçını (0:2) dəyərləndirərkən deyib.
32 yaşlı müdafiəçi hər hissədə fərqli heyətlə meydana çıxdıqlarını söyləyib: “Ağır yükləmələr və məşqlərdən sonra oynadıq. İlk matç həmişə çətin olur. Baxmayaraq ki, hər hissədə fərqli heyətlə meydana çıxdıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Yorğunluq hiss olunurdu. Yoldaşlıq görüşündə nəticə vacib olmasa da, istədiklərini həyata keçirməyə çalışırsan. Məşqlərə başladığımız müddət ərzində üzərində işlədiyimiz taktikanı oyunda yerinə yetirmək istəyirdik. Məğlub olduq, amma səhvlərimizi görüb təhlil edirik və çempionata hazırlaşırıq”.
O, heyətə cəlb olunan yeni futbolçularla bağlı danışıb: “Komandamıza yeni futbolçular gəlib, hərəsinin özünəməxsus keyfiyyəti var. Oynadıqları komandalara fayda verən, səviyyəli futbolçular olub. İndi də “Turan Tovuz”a fayda vermək üçün əllərindən gələni edirlər. Hər biri təcrübəlidir. Baş məşqçimizin həddindən çox istəkləri var. Çempionatın əvvəlində də belə idi. Çalışacağıq iddiamızı ortaya qoyaq və əlimizdən gələnin ən yaxşısını edib azarkeşlərimizi sevindirək”.
Ş.Əliyev sabah qarşılaşacaqları “Paxtakor”la (Özbəkistan) yoldaşlıq matçına da toxunub:
“Çempionat oyunları elədir ki, ümumi təhlillərimiz olur. Amma yoldaşlıq oyunlarında məşqçilər çalışırlar ki, futbolçuları çox yormasınlar. Rəqibi təhlil edib, zəif və üstün cəhətlərini bizə başa salırlar. Çalışacağıq “Paxtakor”la matçda da məşqçimizin istədiklərini yerinə yetirək”.
Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" Misli Premyer Liqasının turnir cədvəlində 32 xalla üçüncü pillədə qərarlaşıb.
İdman.biz