Ağasəlim Mircavadov: “Strategiyanı yazmaq asandır, əsas olan problemlərin həllidir”

Xəbərlər
11 Yanvar 2025 16:10
42
Ağasəlim Mircavadov: “Strategiyanı yazmaq asandır, əsas olan problemlərin həllidir”

“Yeni strategiyada gözəçarpan boşluq görmədim”.

Bunu İdman.biz-ə futbol məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis AFFA-nın inkişaf strategiyasının əsas hədəflərinə münasibət bildirib. Onun sözlərinə görə, bir çox aktual problemlər strategiyada yer alır: “İnkişaf üçün ən böyük amil futbolu Bakıdan bölgələrə köçürməkdir ki, bu məqam yeni strategiyada nəzərdə tutulub. Futbolumuzun digər böyük problemi meydançalarla bağlıdır. Meydançası az olan ölkənin futbol inkişafından söhbət gedə bilməz. İndiki halda stadionlarımız yox dərəcəsindədir. Bölgələrdə olan meydançaların ot örtüyü sünidir. Biz istəyiriksə ki, futbol tez bir zamanda inkişaf etsin, meydança problemini həll etməliyik”.

O xatırladıb ki, 2005-2006-ci illərdə Azərbaycan çempionatında “MKT Araz”, “Kəpəz”, “Turan”, “Simurq” kimi yaxşı oynayan komandalar var idi: “Ancaq hazırda birinci liqada oynayan bölgə komandalarının keyfiyyəti ürəkaçan deyil. Üstəlik, indi legioner limitinin ləğvi gündəmdədir. Halbuki biz buna hələ hazır deyilik. I və II liqanın keyfiyyətini artırmaq lazımdır ki, yerli oyunçu Premyer Liqada oynaya bilməsə, potensialını orada göstərsin. Əksər klubların akademiyalarında olan uşaqlar I liqada oynamaq istəmirlər. Əlbəttə ki, hər bir gənc oyunçu Premyer Liqada oynamaq istəyir, ancaq inkişaf üçün I liqanın statusunu artırmaq lazımdır. Bu da yeni strategiyada yer alır”.

Mütəxəssis bildirib ki, əsas məsələ yazılanların icrasıdır: “Strategiyanın əsas maddələrindən biri də uşaq futbolu ilə bağlıdır. Hansı ki, illərdir hamımız bu haqda danışırıq. Bu problemlərin həlli isə maliyyə və meydançalara bağlıdır. Strategiyada məşqçilərin savadlılığı məsələsi də yer alır ki, bunu da müsbət məqam kimi qeyd edə bilərik. İstənilən halda, yazmaq asandır, əsas olan problemlərin həllidir. Qoyulan hədəflərin icrasına cavabdeh şəxslər olmalıdır. İnanmaq istəyirəm ki, yazılanlar kağız üzərində qalmayacaq”.

Qeyd edək ki, AFFA-nın inkişaf strategiyasının layihəsi dünən ictimaiyyətə açıqlanıb. Son olaraq strategiyanın layihəsinə rəy və təkliflərin 2025-ci il yanvarın 13-ü saat 12:00-a qədər bildirmək mümkündür.

Aytac Sahəd
İdman.biz