Özbəkistanlı Abdukodir Xusanovun “Lans”dan “Mançester Siti”yə keçidi bu qış transfer pəncərəsinin, bəlkə də, ən böyük sensasiyalarından biridir. Vaxtilə Gürcüstanın dörd futbolçusu da “şəhərlilər”in şərəfini qoruyub. Azərbaycan futbolçuları isə nəinki “Mançester Siti”, ümumiyyətlə İngiltərə Premyer Liqasına gedib çıxa bilməyiblər.
Qış transfer pəncərəsi davam edir. Beynəlxalq arenada üzdə olan yeganə klubumuz “Qarabağ”ın Juninyoya görə “Flamenqo”dan 5 milyon avroluq təklif alması gündəmi zəbt edib. Amma hansısa futbolçumuza hansısa xarici klubdan real təklif gəlməsi barədə xəbərlər yoxdur, olması da qeyri-mümkün görünür.
Azərbaycan millisində oyununu təriflədiyimiz Elvin Cəfərquliyev 2024-cü ildə antirekordla yadda qalıb. İl ərzində dünyada üç oyunçu hərəyə 4 qırmızı vərəqə alıb və onlardan biri də “Qarabağ”ın müdafiəçisidir. Cəfərquliyev Avropa Liqasının "Braqa", "Bayer", "Ayaks", Misli Premyer Liqasının "Araz-Naxçıvan"la görüşlərində meydandan qovulub.
Azərbaycan Premyer Liqasının bombardirləri siyahısında ilk “beşlik”də azərbaycanlı oyunçular yer almayıb. Ən çox qol vuran futbolçumuz 5 qolla Toral Bayramovdur ki, o da cinah müdafiəçisidir. Düzdür, ədalət naminə qeyd etmək lazımdır ki, “Qarabağ”ın futbolçusunun arada Türkiyə klublarının (“Qalatasaray”, “Trabzonspor”) maraq dairəsinə düşməsi barədə məlumatlar yayılır, amma bu, söz-söhbətlərdən qırağa çıxmır.
Bizim futbolçular, əsasən, Türkiyənin aşağı liqa klublarında top qova bilir. Ən yaxşı legionerimiz hesab olunan Mahir Emreli isə “Nürnberq”in heyətində 2-ci Bundesliqada mövsümün ilk yarısında cəmi 3 qolla yadda qalıb – o da sonuncu dəfə iki ay əvvəl fərqlənib. Halbuki Almaniya kuboku da nəzərə alınmaqla, ardıcıl dörd oyunda qol vuranda sevinib, nəhayət, uğurlu çıxışlarını davam etdirəcəyinə ümidlənmişdik.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze bu yaxınlarda azərbaycanlı futbolçu haqqında danışarkən maraqlı məqamlara toxunub: “Mahir Emreli ilə ünsiyyət heç də asan deyil. Ona eləmədiyi şeyləri iki-üç dəfə başa salmalı olursan. Mahirə aut və künc zərbələri zamanı harada dayanmalı olması ilə bağlı məsləhətlər verilir”.
Əslində bu sözlər Azərbaycan futbolçularının səviyyəsini bariz nümayiş etdirir. Güclü özül olmadığından onlar özlərini nə ölkə çempionatında, nə də beynəlxalq arnada göstərə bilirlər. Təsadüfən xarici kluba keçdikdə isə orada möhkəmlənə bilmirlər.
Heç Azərbaycan klubları da futbolçu yetişdirib satmaqda maraqlı deyillər. Mövsümü keçirmək üçün pulu AFFA, yəni dövlət verir. Əlavə qazanc əldə etmək isə bacarıq tələb edir.
Mövsümün ilk yarısına baxsaq, demək olar ki, hər klubda 10-dan çox legioner çıxış edib. İstər həm beynəlxalq arenada mübarizə aparan “Qarabağ” olsun, istərsə də ortabab, ya da autsayder klublar – hamısı əcnəbi oyunçulara üstünlük verir. Halbuki hər klubun əvəzedici heyəti, aşağı yaş qrupları üzrə komandaları var - oyunçu isə yetişmir. Ya da düzgün yetişdirilmir. Şərait – meydan və s. yoxdursa, məşqçilərin səviyyəsi yüksək deyilsə - yetişməyəcək də. İllər bir-birini əvəz edir, heç nə də dəyişmir.
Premyer Liqada oynayan futbolçular da kifayət qədər yüksək maaş aldıqlarından komfort zonasını tərk edib, heç yerə gemək niyyətində deyillər. Beləcə - necə deyərlər, qapalı dairə.
Özbəkistan çempionatında “Olimpik” adlı komanda var, heyətində gənc özbəkistanlı futbolçular oynayır. Ötən mövsüm 14 komanda arasında 12-ci olsalar da, əsas nəticə deyil - gənclər təcrübə qazanırlar.
“Olimpik” 2021-ci ildə Özbəkistan futbolunun Paris-2024 Olimpiadasında təmsil olunması məqsədi ilə futbolçular yetişdirmək üçün yaradılıb. Komanda Özbəkistan Futbol Assosiasiyası və Özbəkistan Olimpiya Komitəsi tərəfindən təşkil olunub. Heyətə Superliqa klublarının əvəzedici komandalarından gənc futbolçular cəlb edilib. Nəticədə Özbəkistan gənclər arasında Asiya kubokunda ikinci yeri tutub, Olimpiadaya vəsiqə qazanıb. Paris-2024-də isə ümumi hesabda 13-cü olublar.
İndi isə Özbəkistan futbolunun əsas hədəfi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqdır. Mundial iştirakçılarının sayı artırılıb – orada ilk dəfə 48 komanda mübarizə aparacaq. DÇ-2026-da Asiya üçün 8+1 yer ayrılıb ki, bu da özbəklərin şansını artırır. FIFA reytinqinə əsasən, Özbəkistan qitədə gücünə görə 7-cidir. Deməli, ABŞ, Kanada və Meksika meydanlarında “Mançester Siti”li Xusanov, “Roma”lı Eldor Şomurodov, həmçinin parlamaqda olan digər özbəkistanlı ulduzları görə biləcəyik.
Qeyd edək ki, 2011-ci ildə azərbaycanlı futbolçu Araz Abdullayev “Everton”la müqavilə bağlasa da, bu komandanın əsas heyətində bir oyun belə keçirmədən Azərbaycana qayıdıb.
Rasim Mövsümzadə
İdman.biz