“Neftçi”yə keçəndə çox təəccübləndim. Komanda haqqında çox məlumatın yox idi. Buraya gələndə insanlar məni çox yaxşı qarşıladılar. Yeni ölkə ilə tanış oldum. Səmimi deyim ki, burada çox xoşbəxtəm”.
İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin legioneri Mustafa Sek deyib.
Klubun televiziyasına müsahibə verən seneqaləsilli ispaniyalı futbolçu seçimi zamanı “Zirə”nin qapıçısı Tyaqo Silvadan məsləhət aldığını bildirib: “Hazırda “Zirə”də çıxış edən Tyaqo Silva ilə tanışam. Onunla danışıb “Neftçi” haqqında soruşmuşdum. O, mənə “Neftçi”nin Azərbaycanın ən böyük klublarından biri olduğunu cavab vermişdi. Komandanın idman müşaviri Kamil Məmmədovla danışmışdım, o, mənə çox yaxşı məlumatlar vermişdi. Bu layihə çox xoşuma gəlmişdir. Ona görə də bu gün “Neftçi”dəyəm. Uyğunlaşma prosesi çox yaxşı keçdi. Bakı müasir şəhərdir, sözün əsl mənasında çox təəcübləndim”.
Mustafa Sek futbola ilk addımlarını atdığı “Barselona” və “Roma”da keçirdiyi futbol həyatından danışıb: “Futbola “Barselona” kimi böyük klubda oynamağa başlamışam. İdman bəxti üzümə gəlib ki, belə komandalarla yolum kəsişib. İndiyədək əldə etdiklərimlə qürur duyuram. Əlbəttə, “Roma”dakı günləri çox yaxşı xatırlayıram. Françesko Totti kimi əfsanə ilə eyni komandada olaraq, ondan çox şey öyrənmişəm. Eyni zamanda “Roma”nın baş məşqçisi Luçani Spalletinin məşqçi kimi mənə çox köməyi dəyib. Buna görə də, hər ikisinə minnətdaram. Təssəvürümdə belə yox idi ki, nəvaxtsa Azərbaycanda oynayacam. Həyat sürprizlərlə doludur”.
28 yaşlı futbolçu “Neftçi”nin qış fasiləsindən sonra daha yaxşı çıxış edəcəyini vurğulayaq, çətin anlarda komandaya dəstək verən azarkeşlərə təşəkkür edib: “Bakı təhlükəsiz şəhərdir. Ailəmlə burada çox rahat gəzirəm. Yerli mətbəx xoşuma gəlir. Amma buradakı tıxacı bəyənmirəm. Hansı ölkədə asılı olmadan futbol eynidir. Azərbaycandakı futbol məni çox təəccübləndirdir. Çünki çempionat inkişaf edir. Bütün futbolçularla yaxşı münasibətim var. Baş məşqçimizin öz oyun fəlsəfəsi var. Onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Çempionata yaxşı başlamasaq da, vəziyyəti düzəltmək imkanımız var. Ümid edirəm ki, qış fasiləsindən sonra daha yaxşı oynayıb, daha yaxşı nəticələr qazanacağıq. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Yaxşı vəziyyətdə olmamağımıza baxmayaraq, bizi dəstəkləyirlər”.
İdman.biz