“Bakının mənim üçün xüsusi önəmi var”.
Bunu İdman.biz-ə “Neftçi”nin sabiq futbolçusu Valeri Abramidze deyib.
Doğum gününü qeyd edən qırx beş yaşlı mütəxəssis gənclik illərində Bakı ilə bağlı gözəl xatirələrini yada salıb. O bildirib ki, Azərbaycanda nəinki futbolda, futboldan kənar da xeyli dostları var: “Hətta orada tanış olduğum legionerlərlə də əlaqə saxlayıram. Təəssüf ki, işim çox olduğu üçün Azərbaycan çempionatını yaxından izləyə bilmirəm. Hazırda “Rustavi” klubunda çalışıram. Bu komanda Gürcüstanın ikinci liqasında oynayır. Əsas hədəfimiz güclülər dəstəsinə çıxmaqdır və bu yolda əzmlə çalışırıq. Ancaq vaxt tapdıqca Azərbaycan çempionatının oyunlarına baxıram. Xüsusilə də, “Qarabağ”ın Avropa Liqasındakı matçlarını izləyirəm. “Neftçi”yə gəldikdə, onları səkkizinci yerdə görmək çox ağırdır. Vəziyyəti düzəltmək lazımdır. Yəqin ki, problem rəhbərliyin tez-tez dəyişməsindədir. Hazırki durumda problemləri həll etmək mütləqdir. Çünki “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır”.
Qeyd edək ki, ağ-qaralar”la “Birlik Kuboku”nun qalibi olan Abramidze ölkəmizdə “Neftçi”dən başqa, “İnter” (indiki “Şamaxı”) və “Xəzər-Lənkəran” klublarının da formasını geyinib.
Aytac Sahəd
İdman.biz