"Juninyo hücum xəttinin ən keyfiyyətli futbolçusu idi".
Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.
O, Olavio Juninyonun “Flamenqo”ya transferinin "Qarabağ"a mümkün təsirindən danışıb. Veteran futbolçu bildirib ki, braziliyalının gedişi Azərbaycan çempionu üçün böyük itkidir: "Bu, danılmaz faktdır. Ancaq "Qarabağ" da belə oyunçular çox olub. Əvəzedilməz oyunçu yoxdur. Juninyo da onlardan biri idi. Dəfələrlə olub ki, klub belə oyunçuları yaxşı qiymətə satıb və istədiyi pulu qazanıb. Gedən futbolçunun boşluğunu da bir müddət sonra doldurub. Fikrimcə, Juninyonun transferi "Qarabağ" üçün həm də böyük uğurdur ki, ucuz qiymətə aldığı futbolçunu dəfələrlə baha qiymətə satdı. Bu, Azərbaycan futbolunun inkişafından xəbər verir. Deməli, artıq böyük klublar "Qarabağ"a maraq göstərir".
İsmayılovun sözlərinə görə, “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində FCSB (Rumıniya) ilə oyunu sabiq komandası üçün çətin olacaq: "Hər şeyi meydanda görəcəyik. Ancaq indiki vəziyyət ondan xəbər verir ki, qarşılaşma "Qarabağ" üçün çətin keçəcək. Juninyonun birdən-birə gedişi gözlənilməz oldu. İnanıram ki, onun yerini dolduracaqlar, ancaq növbəti görüşdə "Qarabağ"a Juninyosuz çox çətin olacaq. Onsuz da "Qarabağ"ın şansı az idi. İnanıram ki, hər şeyə rəğmən ən yaxşı oyunlarından birini göstərə biləcək".
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Aytac Sahəd
İdman.biz