"Məğlub olduq, bu, normaldır. Rəqib sonuncu pillədə gedir. Onlarda istək daha çox idi. Ona görə də qalib gəldilər".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov deyib.
O, Misli Premyer Liqasının 19-cu turunda doğma meydanda "Səbail"ə 0:2 hesablı məğlubiyyəti şərh edib: "Biz öz şanslarımızdan istifadə etmədik. Rəqib isə əlinə düşən şanslardan yaxşı istifadə edib qollar vurdu. Belə oyunlar olacaq. Bəzi futbolçuların təklifləri var. Bu da normaldır. Qış transfer pəncərəsi bitməyib deyə bu söz-söhbətlər bəzi futbolçulara təsir edir. Yenə də oyuna görə uşaqlara təşəkkür edirəm. Heç nə itirilməyib. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq. İki hücumameyilli futbolçu gələcək. Bilirəm ki, gecikirik. Amma bu, məndən asılı olmayan bir şeydir. Yaxşı futbolçu gətirmək üçün əlimizdən gələni edirik. Bir oyunçu bu gecə Bakıda olacaq. Hücumçudur. Elə-belə transferlər etmək istəmirik. Lazımlı futbolçunu tapmaq və bura gətirmək çox çətindir. Elə bir oyunçunu tapmışıq. Çalışacağıq ki, onu növbəti matça hazır edək".
Qeyd edək ki, "Sumqayıt" 20 xalla 6-cı pillədə qərarlaşıb.
İdman.biz