Yanvarın 21-də qış fasiləsindən “Qalatasaray”ın evdə xalsız autsayder Kiyev “Dinamo”suna qarşı oyunu ilə qayıdacaq Avropa Liqası 7-ci turun oyunlarına və Liqa mərhələsinin 2025-ci ilə aid hissəsinə start verəcək. Ertəsi gün “Beşiktaş” lider cütlükdən “Atletik”i qəbul edəcək. Turnirin yanvarın 23-də keçiriləcək qalan 16 oyunu sırasında isə “Fənərbaxça”nın “Lion”la, “Qarabağ”ın isə FKSB ilə ev oyunları var.
İdman.biz turnirin yeni ildəki oyunlarının startı ərəfəsində Azərbaycan və Türkiyə klublarının Avropa Liqasının cari mövsümündə ötən 6 tur ərzində nədə fərqləndiklərini nəzərdən keçirib.
Turnirin ən məhsuldar komandası adına 15 qollu “Qalatasaray” Fransa “Lion”u ilə birlikdə sahiblik edir. Qol ötürmələrinin sayında isə Türkiyə çempionu (12) lider olan həmin Fransa klubundan (14) bir qədər geri qalaraq 2-ci mövqedədir.
Qapıya ən çox zərbə sayında “Qalatasaray” 120 zərbə ilə inamla öndədir. Qapı çərçivəsinə gedən zərbələrin sayında da bu İstanbul klubu birincidir – 45.
“Qalatasaray” istər ümumi ötürmə sayında (3308), istərsə də ünvana çatan ötürmələrə görə (2776) 3-cü göstəriciyə sahibdir. Öndə hər iki halda “Roma” (3495, 3015) və “Mançester Yunayted”dir (3462, 2978).
Topa sahibolmada “sarı-qırmızılar” (57,8%) yalnız “Roma”dan (59%) geri qalırlar.
Sərbəst zərbələrin sayında rekordçu “Fənərbaxça”dır (109). 3-cü pillədə isə “Qarabağ” qərarlaşıb (103).
“Qarabağ”ın turnir cədvəlində aşağı mövqeyinə və uğursuz nəticələrə baxmayaraq, hücum sayında ilk üçlüyə daxil olmasa belə, 236 həmlə ilə 4-cü olması komandamızın hücum qurmaqda istəkli və bacarıqlı olmasını, sadəcə hücumu yekunlaşdırmaqda problemin olmasını və bir də bəxt amilini ortaya qoyur.
Qapıçı seyvlərinin sayında “Beşiktaş” (29) 2-cidir. “Qarabağ”ın qapıçıları bu sahədə 26 seyvlə 7-ci mövqedədirlər.
Ən az qayda pozanların sırasında üçlüyə daxil olmasalar da, “Qarabağ” (56) 4-cü, “Beşiktaş” (58) 5-cidir. Rəqiblərinin kobudluğuna ən çox məruz qalan komanda isə “Fənərbağça”dır (101). 85 dəfə fola məruz qalan “Qarabağ” isə 6-cı mövqedədir.
Vüqar Məmmədov
İdman.biz