“Neftçi”nin yarımmüdafiəçisi Andrey Ştoqrinin Futbolxeber.az saytına müsahibəsi
- Yeni ildə Premyer Liqanın ilk turunda “Sabah”la heç-heçə (1:1) etdiniz. Qələbə qazanmaq üçün nə çatışmadı?
- Qış fasiləsindən sonra ilk oyunumuz idi. Prinsipcə, yaxşı çıxış etdik. Qələbə də qazana bilərdik. Lakin ikinci qolu vurmaq mümkün olmadı. Artıq növbəti matçlara köklənməliyik.
- “Neftçi” 2 xal itirdi, yoxsa 1 xal qazandı?
- Düşünürəm ki, 2 xal itirdik. Çünki qələbə qazanmağı çox istəyirdik. Bunun üçün fürsətlərimiz də var idi.
- Bəs nə üçün qələbə qazanmaq mümkün olmur?
- Müxtəlif səbəblər gətirmək olar. Bəzən yaxaladığımız şansları qola çevirə bilmirik. Bəzən bəxt bizdən üz döndərir. Ona görə də dəqiq fikir bildirmək çətindir. Lakin istənilən halda çox çalışırıq, qalib gəlmək istəyirik.
- Qələbə həsrəti davam etdikcə, “Neftçi”nin avrokuboklardan əlinin üzüldüyünü söyləmək olar?
- Məqsədimiz daha yuxarı pillələrə yüksəlməkdir. Ardıcıl qələbələr qazanmaq arzusundayıq. İnanıram ki, tezliklə vəziyyət dəyişəcək.
- Oyun planında hansı çatışmazlıqları qeyd etmək olar?
- Mövsümün gedişində baş məşqçi dəyişikliyi oldu. Biz Samir Abasovun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, hər şey daha yaxşı olsun.
- Növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaqsınız...
- “Araz-Naxçıvan” çox yaxşı komandadır. Heyətlərində yüksək səviyyəli futbolçular var. Ağır oyun olacaq. Hər nə qədər çətin olsa da, məqsədimiz 3 xal qazanmaqdır.
- Artıq 6 aydır komandadasınız. “Neftçi”yə tam uyğunlaşa bilmisiniz?
- Adaptasiya baxımından hər şey qaydasındadır. Artıq şəraitə uyğunlaşdığımı söyləyə bilərəm.
- Lakin çempionatdakı ilk qolunuzu yalnız XIX turda vurdunuz...
- “Neftçi” kimi klubun heyətində qol vurmaq qürurvericidir. Əlimdən gələni edəcəm ki, qollarımın ardı gəlsin, yenə fərqlənə bilim.
- Qol epizodunda rəqib futbolçular əllə oynadığınızı iddia edirdilər...
- Xeyr. Hakimlər də VAR-da epizoda baxdılar və düzgün qərar verdilər.
İdman.biz