Azərbaycan futbolu rekordun ÜÇ ADDIMLIĞINDA – TƏHLİL

Təhlil
20 Yanvar 2025 13:39
466
Azərbaycan futbolu rekordun ÜÇ ADDIMLIĞINDA – TƏHLİL

Azərbaycan Premyer Liqası dünya ölkələrinin futbol çempionatlarının 2024-cü il üçün reytinq siyahısında 36-cı olub.

İdman.biz xəbər verir ki, ölkəmiz bir il əvvəlki ilə müqayisədə 4 pillə irəliləyib.

“Böyük beşlik”
İFFHS-in siyahısında 36-cı olmağımıza toplanılan 434,25 xal səbəb olub. Bu əmsalın haradan qaynaqlandığı, necə hesablandığı bəziləri üçün müəmmalı ola bilər. Qurumun hesablama sistemi isə çox sadədir. Klubların dünya reytinqində ən yüksək əmsala malik 5 komanda öz ölkəsinin xallarını müəyyənləşdirir.
Yəni Azərbaycanın 5 ən yaxşı klubunun xallarının cəmi Premyer Liqa reytinqini formalaşdırıb. Klubların siyahısında isə “Qarabağ” 168,75 xalla dünyada 81-ci, “Zirə” 99,5 xalla 208-ci, “Sabah” 62,25 xalla 400-cü, “Turan Tovuz” 53,75 xalla 494-cü, “Neftçi” 50 xalla 537-ci sıradadır. Ölkəmizin “böyük beşliy”i olan bu komandaların xalları isə 434,25-ə bərabərdir.

Azərbaycan kimi keçib?
Bir il əvvəl 40-cı olan, indi isə 36-cı yerə yüksələn Azərbaycan 4 pillə irəliləyib. Maraqlıdır, görəsən biz kimləri keçmişik? Azərbaycan 5 ölkəni geridə qoyub. Bizim keçdiyimiz liqalar Polşa, Ukrayna, Bolqarıstan, Peru və Şimali İrlandiya çempionatlarıdır. “Dinamo” və “Şaxtyor” kimi nəhənglərə malik Ukraynanın keçilməsi xüsusi diqqət çəkir. Əvəzində bir liqa da Azərbaycanı arxada qoyub. Bu, Kosta Rika çempionatıdır.

Ardıcıl 16-cı dəfə “Top-100”də
İFFHS liqaların cədvəlini 1991-ci ildən tərtib etməyə başlayıb. Azərbaycan çempionatları bundan bir il sonra keçirilməyə başlayıb. Liqamızın siyahıya düşməsi və irəliləməsi isə illər aparıb. 2007-ci ildə “Top-100”ə düşən çempionatımız orada bir il duruş gətirsə də, 2009-cu ildə ən yaxşılar arasına qayıdıb və artıq 16 ildir “100-lük”dədir.

AFFA-nın hədəfinə doğru
Dünyada 36-cı olan Misli Premyer Liqası Avropa ölkələri arasında 22-ci yerdədir. Bu da kifayət qədər yüksək nəticə sayılır. Hər halda ölkəmiz UEFA reytinqində 28-cidir. AFFA da UEFA reytinqində “20-liy”ə düşməyi hədəfləyib. İFFHS-in siyahısında isə bu “20-liy”ə çox yaxınıq. Ümumilikdə isə dünyanın ən güclü 100 liqasından 53-ü Avropa təmsilçiləridir.

“SSRİ”nin ən yaxşısı
Keçmiş SSRİ-nin parçalanmasından yaranan 15 ölkədən 13-ü “Top-100”dədir. Yalnız Tacikistan və Qırğızıstan bu siyahıya düşməyib. Azərbaycan isə postsovet məkanının ən yaxşısıdır. Ukrayna isə bu siyahıda ikincidir.
36. Azərbaycan – 434,25
38. Ukrayna – 427,5
46. Ermənistan - 346
48. Latviya - 334
53. Estoniya - 284
59. Belarus - 263
68. Litva - 233
70. Gürcüstan - 221
73. Rusiya - 209
85. Moldova - 184
86. Qazaxıstan - 183
96. Özbəkistan – 155,25
98. Türkmənistan - 152

Messi çempionatımızdan aşağı liqada
Azərbaycan çempionatı təkcə postsovet məkanı ölkələri, həmçinin son bir ildə keçdiyi liqaları qabaqlamır. Premyer Liqamıza həsəd aparanlar çoxdur. “Top-100”də yer alan, amma Azərbaycana aşağıdan yuxarı baxanların siyahısında yetərincə nüfuzlu çempionatlar var. Yetərincə investisiya qoyulan, amma səviyyəsi Azərbaycana çatmayanlar arasında ABŞ, Avstraliya, Çin, həmçinin Qətər və İran çempionatları diqqət çəkir. Lionel Messi kimi ulduzları yığan MLS siyahıda 49-cudur. Onlar daha güclü liqada oynamaq arzusu üçün Azərbaycan çempionatına həsəd apara bilərlər. Maraq üçün vurğulayaq ki, digər əfsanə Kriştiano Ronaldonun oynadığı Səudiyyə Ərəbistanı liqası isə dünyada 21-cidir. Son bir ildə asiyalılar 12, şimali amerikalılar 14 pillə irəliləyib.

Avropada tərəqqi
Azərbaycan “Top-50”də ən çox irəliləyən Avropa ölkələri sırasındadır. “Köhnə qitə”nin yalnız üç liqası siyahının ilk yarısında daha çox tərəqqiyə nail olub. İsveç 13, Norveç 6, Kipr 5 addım irəliləyib. Azərbaycan isə 4 pilləlik sıçrayışa sevinib.

Tarixin 2-cisi
Premyer Liqanın dünyada 36-cı olması Azərbaycan tarixinin 2-ci nəticəsidir. Mütləq rekord 2016-cı ilə təsadüf edib. Həmin vaxt çempionatımız 33-cü olub. İndi isə çempionatımız rekordun 3 addımlığına qalıb. Ümumiyyətlə, Azərbaycan 5-ci dəfə “Top-40”a düşüb. 2014-16-cı illərdəki üçillik uğurların ardı 2023-24-cü illərdə gəlməkdədir.
Azərbaycan çempionatı dünya reytinqində:
2007 - 100
2008 - 106
2009 - 98
2010 - 86
2011 - 98
2012 - 84
2013 - 43
2014 - 37
2015 - 38
2016 - 33
2017 - 50
2018 - 70
2019 - 56
2020 - 74
2021 - 60
2022 - 41
2023 – 40
2024 – 36

Tarixin üçüncüsü
Mövqe baxımından tarixinin ikinci nəticəsi rəsmiləşən Premyer Liqa ili 434,25 xalla tamamlayıb. Əmsalın belə yüksək olması son 8 il üçün mütləq rekorddur. Tarixində 5-ci dəfə “400” səddini keçən Azərbaycan çempionatı özünün üçüncü ən yaxşı nəticəsinə imza atıb. Yalnız iki dəfə Premyer Liqanın hesabında daha çox xal olub. Bu da Avropa Liqasının qrupunda iki komandamızın oynadığı 2015-ci və 2016-cı illərdir. Hər iki uğurlu ildə “Qarabağ”la “Qəbələ” qrupda oynayıb. Mütləq rekord da 450,5 xalın toplandığı 2016-cı ilə təsadüf edib.
Azərbaycan çempionatının əmsalı:
2007 - 166
2008 - 159,5
2009 - 209
2010 - 241
2011 - 188,5
2012 - 250
2013 - 370,50
2014 - 421
2015 - 445
2016 - 450,5
2017 - 358
2018 - 306
2019 - 349
2020 - 174
2021 - 324
2022 - 349,25
2023 - 429,75
2024 - 434,25

Vüqar Xeyrullayev
İdman.biz